Bakı Şəhər Mədəniyyət Baş İdarəsi karantin dövründə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulunu asanlaşdırmaq, müasir informasiya texnologiyalarının nailiyyətlərini tətbiq etməklə onlayn yaradıcı məktəb ideyasını inkişaf etdirmək məqsədilə yeni musiqi.edu.az tədris portalını təqdim edib.

İdarədən bildirilib ki, musiqi.edu.az internet portalı vasitəsilə onlayn sənəd qəbulu həyata keçirmək mümkündür. Valideynlər “Qəbul” bölməsində övladı üçün evə yaxın yerləşən və onu maraqlandıran ixtisasların tədris olunduğu Bakı musiqi və incəsənət məktəblərindən birini seçərək qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat tamamlandıqdan sonra sistem şagirdə məxsus kod müəyyənləşdirir, hər bir kod sahibinə öncədən imtahanın keçiriləcəyi vaxt və yer haqqında elektron məktub və ya telefon vasitəsilə məlumat verilir.

Yaxın günlərdə portalda, həmçinin “Məktəblər” bölməsində Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin məlumat bazası ilə tanışolma imkanı yaradılacaq, “İxtisaslar”, “Tədris vəsaitləri”, “Multimedia”, “Təkliflər və iradlar”, “Musiqi alətləri” bölmələri fəaliyyət göstərəcək. İstifadəçilər dərs vəsaitlərinin geniş bazası, musiqi alətlərinin özəllikləri və dərs cədvəlləri ilə yanaşı, məktəblərin tədris ilində əldə etdikləri uğurlara dair xəbərlər, yerli və beynəlxalq müsabiqələr haqqında məlumatlarla tanış ola biləcəklər.