“Gənclik Mall” ticarət mərkəzində “Dolby Atmos” texnologiyası ilə təchiz olunmuş regionun ən böyük “CinemaPlus” kinoteatrı açılıb.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə “Dolby Atmos” texnologiyasının ölkəmizdə ilk dəfə “CinemaPlus” kinoteatrında təqdim edildiyini deyib. Kinoteatr doqquz zaldan ibarətdir, 300 yerlik ən böyük eksklüziv zal xüsusi diqqət çəkir.
“Dolby Digital Atmos” texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına “Dolby Digital Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkanı yaradır. Nəticədə, tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.
Qeyd edək ki, “Dolby Digital Atmos” texnologiyası ilk dəfə 2012-ci ildə təqdim edilib və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. “Oskar” mükafatına layiq görülmüş bir çox rejissor və səs rejissoru bu texnologiya ilə işləyir. Bu günə kimi bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrlarının “Dolby Digital Atmos” texnologiyasından istifadə edəcəyi gözlənilir.