Paytaxtımızda keçirilən Rusiya kinosu günlərində nümayiş olunan beş ekran əsərindən biri rejissor İndar Cendubayevin “O əjdahadır” filmidir.
Oktyabrın 12-də Nizami Kino Mərkəzində nümayiş olunan filmin xronometrajı 110 dəqiqədir. Ssenari müəllifləri Sergey Dyaçenko, Martina Dyaçenko və İndar Cendubayevdir. Rollarda Mariya Poezjayeva, Matvey Lıkov, Stanislav Lyubşin, Pyotr Romanov, İeva Andreevayte və başqaları çəkilib.
Film Sergey və Martina Dyaçenkoların “Mərasim” romanı əsasında çəkilmiş fantastik melodramdır. Ekran əsərində qafqazlı qədim bir xalqın mifoloji dünyagörüşü, ritualları, adət-ənənəsi geniş əks olunub. Qızlarının toyuna hazırlaşan knyaz ailəsi qəribə hadisə ilə rastlaşır. Toyun qızğın çağında qızları Miroslavanı əjdaha oğurlayır, insanların tapa bilməyəcəyi mağaraya gətirir. Burada onunla sadəcə əjdaha - Armanda və qəsrin soyuq divarları var. Fantastik obraz olan Armanda həm də insana çevrilə bilir.
Film əjdahanın insana aşiq olması motivi üzərində qurulub. Miroslava bunu gec başa düşür. Buna qədər bir neçə dəfə qaçmağa cəhd etsə də, istəyinə nail ola bilmir. Sonda taleyi ilə barışmalı olur. Artıq onun üçün əjdaha qorxulu varlıq deyil. Armanda və Miroslava evlənirlər və illər sonra bir qızları dünyaya gəlir...
Qeyd edək ki, şəhərimizin sakinləri və qonaqları Rusiya kinosu günlərinin son seansında, oktyabrın 14-də isə “Qutu” (rejissor Edvard Bordukov) filmini izləyə bilərlər. Film Nizami Kino Mərkəzinin böyük zalında 18.30-da nümayiş olunacaq. Giriş pulsuzdur.
Fariz Hüseynov