Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə növbəti videokonfransı keçirilib. Regional idarənin rəisi Nazim Ağayev müəssisələrin karantin dövründə fəaliyyətindən danışaraq elektron xidmətlərin keyfiyyətinin artırılmasının vacibliyini xüsusi vurğulayıb. Daha sonra regional idarənin aidiyyəti rayonlar üzrə nümayəndələrinin və müəssisə rəhbərlərinin təklifləri dinlənilib.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki İsmayıllı rayon MKS-nin Qubaxəlilli kənd kitabxana filialı Xalq şairi, dramaturq və ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 95 illiyi münasibətilə sərgi təşkil edib. Sərgidə ədibin kitabları, haqqında yazılmış tədqiqat əsərləri, mətbu nəşrlər nümayiş olunub.
Regional idarənin əhatə etdiyi Qobustan rayon MKS-nin videokonfrans formatında növbəti iclası keçirilib. Pandemiya dövründə kitabxanaların fəaliyyəti barədə danışan MKS-nin direktoru Adilə Cəbrayılova nəzərdə tutulan tədbirlərin onlayn şəkildə keçirilməsi və bununla bağlı videoçarxların hazırlanması barədə tapşırıqlar verib.
Qəbələ rayon Mədəniyyət Mərkəzində videokonfrans formatında iclas keçirilib. Mərkəzin direktoru Malik Ağayev mədəni-maarif işinin təşkili üçün vacib olan metodiki materialların işlənməsi, tədbirlərin onlayn şəkildə keçirilməsi və bununla bağlı videoçarxların hazırlanaraq sosial şəbəkə səhifələrində yayılmasının zəruriliyini bildirib.
***
Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayon Mədəniyyət Mərkəzi tərəfindən avqust ayında doğulmuş görkəmli şəxslərə həsr olunan onlayn tədbirlər keçirilib. Yuxarı Çardaqlar kənd Diyarşünaslıq evinin metodisti Nazən Bulacova “Bəstəkar Oqtay Kazımov”, Zəyəm kənd klubunun müdiri Xədicə Əliyeva “Sənətin qüdrəti və vüsəti – Rasim Balayev” mövzusunda,
Mədəniyyət Mərkəzinin metodisti Tahirə Pirimova tanınmış hərbi xadim Cəmşid Naxçıvanski, rayon Xalq teatrının aktrisaları Aysel Yusubova Xalq rəssamı Toğrul Nərimanbəyov, Dina Matiyeva müğənni Akif İslamzadə haqqında məlumat veriblər.
Qax rayon MKS-nin təşkilatçılığı ilə “Qədim Azərbaycan yurdu Qax” adlı videokonfrans keçirilib. Rayonun yaranmasının 90 illiyinə həsr olunmuş konfransı MKS-nin direktoru G.Əhmədova açıb. Daha sonra “Qaxlı ziyalılarımız”, “Qax abidələri”, “Qax rayonu ədəbiyyatımızda” mövzularında çıxışlar olub.
Oğuz rayon Mərkəzi kitabxanası və rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə keçirilən videokonfransda COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı gənclərin təklifləri, həmçinin birgə mübarizə barədə fikirləri dinlənilib.
Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxanasında Bəxtiyar Vahabzadənin 95 illik yubileyi münasibətilə sərgi təşkil olunub. Sanitar-gigiyenik qaydalara əməl olunmaqla reallaşan sərgidə Xalq şairinin kitabları yer alıb. Kitabxanaçı Aybəniz Abdullayeva oxuculara B.Vahabzadənin həyatı və yaradıcılığı ilə bağlı məlumat verib.
Balakən rayon Qazma kənd Sənətkarlıq evində onlayn konsert təşkil olunub. Müğənni Rasim Əlqayevin ifasında “Azərbaycanın mərd oğlu”, “Şikayətim var”, “Dilbərim”, “Üzün məndən niyə döndü” və digər populyar mahnılar səsləndirilib.
***
Ağdaş rayon MKS-nin 68 saylı şəhər kitabxanasının əməkdaşı kiçikyaşlı fəal oxucular üçün “nağıl saatı” təşkil edib. Tədbirdə təqdim edilən “Uzuncorab Pippi”, “Kapitan Qrantın uşaqları”, “Maşa və Ayı” haqqında məlumatlar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələrin fəaliyyətinə həsr olunan videokonfransı keçirilib. İdarənin rəisi Elman Məmmədov aidiyyəti mədəniyyət ocaqlarında və müəssisələrdə elektron xidmətlərin keyfiyyətinin artırılması, sosial dəstəyə ehtiyacı olan insanlara qayğının artırılmasından danışıb. Həmçinin kitabxanalar tərəfindən virtual müsabiqələrin və onlayn kitabxana xidmətinin təşkil olunmasının zəruriliyi qeyd edilib. Sonra müvafiq rayonlar üzrə nümayəndələrin və müəssisə rəhbərlərinin təklifləri dinlənilib.
***
Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib. Rayon MKS-nin Mərkəzi kitabxanasının kollektivi və filialların müdirlərinin iştirak etdiyi tədbirdə Nərimanovun ömür yolu və yaradıcılığından söz açılıb.
***
Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü ilə “Muzeylərarası əməkdaşlıq və təcrübə mübadiləsi” mövzusunda videokonfrans keçirilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyləri və Heydər Əliyev mərkəzləri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə muzeylərin fəaliyyətinin daha da təkmilləşdirilməsindən, kadr potensialının inkişafından danışılıb, fikir mübadiləsi aparılıb.
***
Tərtər rayon MKS-nin Ələsgərli kənd kitabxana filialı oxucularına evdə səyyar kitabxana xidməti göstərib. Xidmət zamanı müxtəlif başlıqlar altında kitablar oxuculara təqdim olunub.
Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Gənclərlə işıqlı gələcəyə” adlı onlayn tədbir keçirib. 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən tədbirdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışılıb, 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanundan, Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsindən, 2007-2015-ci illərdə Dövlət Proqramı ilə gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsindən geniş bəhs olunub.
***
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə onlayn müşavirəsi keçirilib. İdarə rəisi Mehman Şükürov tabe müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, elektron xidmətlərdən daha çox istifadə edilməsi, mədəniyyət mərkəzləri, kitabxana və muzeylərin fəaliyyətini genişləndirməsi, virtual sərgilərin təşkili, videoçarxların yüksək səviyyədə hazırlanması və s. ilə bağlı tapşırıqlar verib.
***
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə regionda çalışan 90-dan çox gənc mədəniyyət könüllüsünün və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ilə görüşü təşkil olunub.
Görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət sahəsində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.
Debat şəklində keçirilən görüşdə idarənin rəisi Vüqar Qədirov aidiyyəti müəssisələrin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verib. MEMİM-in direktoru A.Usubəliyev çıxışında qeyd edib ki, könüllülük fəaliyyəti peşəkarlığın qapılarını açan yoldur. Ölkə rəhbərliyinin bu sahədə təşəbbüsləri gənclərimizin fərdi inkişafına xidmət edir.
Qazax Dövlət Rəsm Qalereyası “Könüllülər ili”nə həsr edilmiş videokonfrans keçirib. Tədbirə qoşulan qonaqlar könüllülük fəaliyyətinin əhəmiyyətindən, gənclərin həyatındakı rolundan danışıb, dərnək üzvlərinə öz qazandıqları uğurlar barədə məlumat veriblər. Tədbir daha sonra diskussiya şəklində davam etdirilib.
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə videokonfrans keçirib. Muzeyin direktoru Gülnaz Alişanova ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək şeirlərindən parçalar söyləyib.
Qalereyanın direktoru Münəvvər Xəlilova Bəxtiyar Vahabzadə yaradıcılığında hər biri bir rəsm əsəri üçün mövzu ola biləcək təbiət təsvirləri haqqında söz açıb.
N.MƏMMƏDLİ