Dənizkənarı bulvardan reportaj
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bütün dünya şəhərlərində olduğu kimi, Bakıda da karantin rejimi tətbiq edilib.
Mart ayından etibarən sərtləşmə və yumşalma mərhələlərindən keçən karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən aradan qaldırılıb.
Qeyd olunan yumşalmadan sonra paytaxt sakinlərinin əsas üz tutduqları ünvan, sözsüz ki, Bakı bulvarı və parklardır. Görəsən, aylardır evlərini icazə ilə tərk edən vətəndaşlar karantin dövründə ən çox nədən ötrü darıxıblar? Bu suala cavab tapmaq, paytaxt sakinlərinin düşüncələrini öyrənmək üçün Dənizkənarı bulvara üz tutduq.
Axşamçağı saat beşdir. Avqustun birinci yarısı olsa da, hava digər günlərə nisbətən sərin keçir. Parkda xeyli insan var və zaman keçdikdə onların sayı daha da artır. Gördüklərimdən belə nəticəyə gəlirəm ki, şəhər yavaş-yavaş əvvəlki normal həyatına qayıdır.
Bulvarı gəzərkən müxtəlif peşə sahibi bir çox insanla söhbət apardım. Vüsal Hüseynov Sumqayıt Dövlət Universitetinin tələbəsidir. O, pandemiyanın gətirdiyi çətinliklərdən söz açır: “Karantin rejimi böyükdən tutmuş balacaya kimi hər kəs üçün çətin oldu. Bu müddətdə az adam tapılar ki, evdə qalmaqdan məmnun olsun. Yəqin ki, karantin, qadağalar daha çox yaradıcı, sosial və intellektual adamlara təsir etmiş olar. Hər birimiz bu müddətdə mənəvi mübarizə verdik. Hər gün ünsiyyətdə olduğumuz dostlarımızı yanımızda görə bilməmək və bunun kimi digər hallar, əminəm ki, heç kim üçün asan olmadı. Yaxşı ki, dərslər onlayn formatda davam etdi, imtahanları bu şəkildə verdik. Qatıldığımız onlayn təlimlər bizim üçün çox əhəmiyyətli oldu”.
Parkda bir qədər irəlilədikdən sonra qarşımıza dondurma satıcısı çıxır. Ayaq saxlayıb onun fikirlərini öyrənirik. Dondurmaçı Emil Əhmədli deyir ki, artıq beş gündür işlər yenidən başlayıb: “İlk günə nisbətən bu gün daha çox insan sıxlığı müşahidə olunur. Həftəsonu ictimai nəqliyyat işləmədiyi üçün parkda seyrəklik olur. Parka nə qədər çox insan üz tutarsa, bu bizim işimizə də müsbət təsir göstərər. Məsələn, yumşalmanın ilk günündə 100 ədəd dondurma satırdıqsa, hazırda bu rəqəm iki qat daha çoxdur. Yoluxma sayı azalsa, ümid edirəm ki, nəticə bundan da yaxşı olacaq”.
Dondurmaçıdan ayrılıb parkın ortasında skamyada əyləşən iki gəncə yaxınlaşırıq. Fərid Həsənli və Əli Abışov Xırdalan şəhər 9 saylı tam orta məktəbin şagirdləridir. Onlar sərt karantin tədbirlərinin yumşalmasından sonra ilk dəfədir bura gəliblər: “Karantin dövrü həyatımıza yeni şeylər qatdı. Bu dövrdə biz səbir etməyi öyrəndik. Bu vaxt ərzində dostlarımızla, sinif yoldaşlarımızla, müəllimlərimizlə görüşə bilmədik. Onlarla birlikdə getdiyimiz məkanlarda etdiyimiz söhbətlərdən ötrü çox darıxmışıq. Məsələn, ən son sinif yoldaşlarımızla birlikdə H.Z.Tağıyevin ev-muzeyini ziyarət etmişdik. Ümid edirik ki, həyat əvvəlki axırına dönər, bizlər də dostlarla görüşüb ünsiyyət qura bilərik”.
Qarşılaşdığımız insanlarla söhbətdən onların məmnunluq içində olduqları aydın görünürdü. Parka gələnlər arasında ailəsi ilə istirahət edən, dostlarıyla vaxt keçirən, idmanla məşğul olanlar vardı.
Növbəti həmsöhbətim Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Murad Əhmədov tələbə dostları ilə vaxt keçirmək, idmanla məşğul olmaq üçün parka üz tutub: “Karantin dövründə dostlarımdan uzaq qalmağa məcbur oldum. Pandemiyadan əvvəl tələbə yoldaşlarımla birlikdə muzeylərə, sərgi salonlarına gedirdik, müxtəlif intellektual yarışlara qatılırdıq. Karantin müddətində isə onlayn şəkildə muzeyləri, sərgi salonlarını ziyarət etdik. Sərt karantin rejiminin yumşaldılması bir çoxları kimi məni də sevindirir. Çünki dostlarımla, tələbə yoldaşlarımla görüşüb birbaşa söhbətləşə, fikir mübadiləsi apara bilirəm”.
Ailəliklə parkda istirahət edənlərdən biri də ehtiyatda olan zabit Spartak Həsənovdur. Keçmiş hərbçi bildirir ki, pandemiyadan əvvəl ailəsi ilə tez-tez mədəniyyət ocaqlarına gediblər: “Hər həftə, demək olar ki, kino mərkəzlərində film izləyir, muzey və qalereyaları ziyarət edirdik. Mart ayının sonlarından muzeylərə, kino mərkəzlərinə getmədiyim üçün çox darıxıram. Ümid edirəm, yaxın zamanda muzeylər və sərgi salonları yenidən fəaliyyətə başlayar, mən də ailəmlə həmin məkanlara üz tutaram”.
Artıq axşam saat səkkizdir. Skamyada əyləşib insanlara verdiyim sualı özümə də verirəm. Üç saatın necə tez keçdiyini yəqin etdiyim üçün sualıma da cavab tapmış oluram. Aylarla sürən pandemiya sıxıntısından sonra normal həyata dönmək gözəldir...
NURƏDDİN