1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında bu rayonların ərazisi bütünlüklə düşmən əlinə keçdi.

1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun Arazboyu kəndlərini, Horadiz qəsəbəsini düşməndən azad etdi. Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı. Rayonun işğaldan azad olunmuş ərazisində yeni salınmış qəsəbədə, artıq şəhər statusu olan Horadizdə və Arazboyu kəndlərdə hazırda 60 mindən çox insan yaşayır. Bu yaşayış məntəqələrində müvafiq sosial infrastruktur, mədəniyyət, təhsil, səhiyyə və s. obyektlər inşa edilib.

2016-cı ilin Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə endirən müzəffər ordu hissələrimiz Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə bayrağımızı sancdı, eyni zamanda rayonun Cocuq Mərcanlı kəndi düşmən hədəfindən qurtuldu. 2017-ci ildə  Cocuq Mərcanlı kəndi yenidən inşa edildi, burada sosial infrastruktur yaradıldı, sakinlər doğma torpağa döndü.

Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən savayı qalan bütün ərazisi, Füzuli rayonunun isə təxminən üçdə ikisi, o cümlədən Füzuli şəhəri işğal altındadır. İşğal olunmuş ərazilərdə bütün tikililər, o cümlədən tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilib.

***

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz çayının sol sahilində cənub tərəfdən İran İslan Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonu ilə həmsərhəddir. Ərazisi 1050 kvadrat kilometrdir. Rayon ərazisindən Bakı-Naxçıvan dəmir yolu, Bakı-Şirvan-Zəngilan avtomobil yolu keçirdi.

Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlar kəndində dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (Erkən Orta əsrlər), Diridağdakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik kümbəzi, “Hacı Qaraman”, “Cəbrayıl ata”, “Mazannənə” ziyarətgahlarını misal göstərmək olar.

***

Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu da 1930-cu ildə təşkil olunub. Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında yaradılan rayona Qaryagin adı verilib. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılıb.

Rayonun işğal altında olan bir çox dini və mədəniyyət abidələri qalıb: Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid binası, XVIII əsrə aid Cəlil türbəsi, Aşağı Veysəlli kəndində XIII əsrə aid Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsrə, Horadiz, Qacar, Merdinli və s. kəndlərdə XIX əsr məscid binaları, Aşağı Ayıbasanlı kəndində XVIII əsr İbrahim türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri və s.