Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Mahmudlu kənd Fəxrəddin Hüseynov adına Musiqi məktəbinin 2-ci sinif şagirdi Aynaxanım Ağazadə və 1-ci sinif şagirdi Aylin Talıbova Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, məşhur pianoçu həmvətənimiz, Əməkdar artist Adilə Əliyevanın adına Pianoçuların XV beynəlxalq müsabiqəsində qalib olublar. Anaxanım II, Aylin isə III yelə layiq görülüb. Ənənəvi müsabiqə koronavirus infeksiyası ilə əlaqədar bu il onlayn şəkildə keçirilib.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Rayonumuz haqqında 100 maraqlı fakt” adlı virtual müsabiqə keçirilib. Müsabiqənin məqsədi regional idarənin əhatə etdiyi rayonların mədəni irsini, tarixini, ədəbiyyatını, şəxsiyyətlərini geniş ictimaiyyətə tanıtmaq və xüsusi karantin günlərində insanların yaradıcılıq potensialına stimul verməkdir. Münsiflər heyətinə videoçarx formatında hazırlanmış 60-a yaxın material təqdim edilib. Neftçala şəhər sakini Arzu Nağıyevanın hazırladığı “Kürdili adası” adlı videomaterial birinci yerə layiq görülüb və müəllif fəxri fərmanla təltif olunub.

***

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin incəsənət kollektivi növbəti virtual musiqi proqramı ilə çıxış edib. Mərkəzin salonunda keçirilmiş musiqi tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə təqdim edilib. Solistlərdən Ruslan Zahidov və Roza İstək tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını səsləndirərək sənətsevərlərə xoş anlar bəxş ediblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiya keçirilib. Zərdab və Astara rayonlarındakı Heydər Əliyev mərkəzlərinin direktorları Könül Rəhimova və Kübra Səmədova fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova virtual ekskursiyaya  qatılaraq layihənin əhəmiyyətini qeyd edib. Virtual ekskursiyaların davam etdirilməsi nəzərdə tutulur.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovun rəhbərliyi ilə keçirilən növbəti videokonfransda tabe müəssisələrin hazırladığı videoçarxlar və onlayn tədbirlər barədə müzakirələr aparılıb, virtual məkanda aktivliyin artırılması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə müvafiq tapşırıqlar verilib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin könüllüləri ilə hazırlığın növbəti mərhələsi keçirilib. Mərkəzin ekspozisiya zalında könüllülərin eksponatlar əsasında hazırlığı yoxlanılaraq lazımi tövsiyələr verilib. Könüllülər ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı eksponatların nümayiş etdirildiyi lövhələr əsasında danışıblar.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 16 nömrəli kitabxana filialının “Loqos” psixoloji və nitq inkişafı mərkəzinin psixoloqu Taciyə Mehdisoyla “Uşaq evin güzgüsüdür” mövzusunda onlayn görüş keçirib. Görüşdə qeyd olunub ki, ailədə uşağın tərbiyəsi, onun sosial-əxlaqi dəyərlərə malik olması, bir şəxsiyyət kimi formalaşması daha çox valideynlərdən asılıdır.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mərkəzi kitabxanası filialları ilə videokonfrans keçirib. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə bağlı onlayn tədbirlərin davamlı olaraq keçirilməsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onlayn tədbirlərin və videoçarxların hazırlanması ilə bağlı tapşırıqlar verilib.

Yevlax şəhər MKS-nin 4 nömrəli şəhər kitabxana filialı oxucularına evdə səyyar kitabxana xidməti göstərib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatovanın iştirakı ilə videokonfrans keçirilib. Virtual sərgilərin təşkili, hərbi-vətənpərvərliklə bağlı onlayn tədbirlərin və videoçarxların hazırlanmasının əhəmiyyəti vurğunlanıb.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən xalq teatrlarına yeni istedadların cəlb edilməsi məqsədilə gənclərin yaradıcılığına baxış keçirilir. Tanınmış aktyor, Xalq artisti İlham Namiq Kamalın rəhbərliyi ilə avqustun 18-dən çıxışlara start verilib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən çıxışlarda gənc istedadlar müəyyən olunur, onlar xalq teatrına dəvət edilirlər.

Regional idarənin mətbuat katibi Aysu Nəcəfli bildirib ki, xalq teatrları insanların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Bu baxımdan karantin rejimi şəraitində onların fəaliyyətinin canlandırılması diqqət mərkəzindədir.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova və mərkəzin əməkdaşları rayonun Çuxuryurd kənd sakini Mariya Nikolayevna Kojevnikovanın qonağı olub. M.Kojevnikova 1971–1987-ci illərdə kənddə kolxoz sədri vəzifəsində çalışıb, dəfələrlə ulu öndər Heydər Əliyevlə görüşüb. Prezident Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. Mərkəzin əməkdaşları həmin anları xatırladan fotolara baxıblar.

***

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasının müdiri Taliyə Xəlilovanın təşəbbüsü ilə Sərhəd Qoşunları Gününə (18 avqust) həsr edilmiş “Əsgərə məktub” başlıqlı inşa yazı müsabiqəsi təşkil olunub. Kitabxananın fəal oxucuları Samirə Hacıyeva, Günay Eyyubova, Çinarə Hacıyeva, Kəmalə Rəhimli, Səmra Ağabəyova, Nuranə Kərimova və başqaları müsabiqəyə qoşularaq sərhəddə keşik çəkən əsgərlərimizə ürək sözlərini yazıblar.

Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialında isə Sərhəd Qoşunları Günü ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı sərgi təşkil olunub. Azərbaycanda Sərhəd Qoşunlarının tarixi haqqında məlumat verilib.

Şəki MKS-nin təşkilatçılığı ilə Mərkəzi kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə olunub. MKS-nin direktoru Seyid Vahabov B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edib, yubiley münasibətilə Mərkəzi kitabxanada və kitabxana filiallarında keçiriləcək tədbirlər haqqında danışıb.

Balakən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Samux, Neftçala, Oğuz, Zərdab, Masallı, Xızı rayon Heydər Əliyev mərkəzlərinin direktorları, Şəki və Zaqatala Heydər Əliyev mərkəzlərinin əməkdaşları və Balakəndən fəal gənclərin iştirakı ilə Beynəlxalq Gənclər Gününə (12 avqust) həsr olunan “Gənclər bizim sabahımızdır” mövzusunda videokonfrans keçirilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə “Yaradıbdır inam məni, mən inamın övladıyam” mövzusunda videokonfrans təşkil edilib. Tədbir zamanı şairin şeirləri səsləndirilib, müəllifin öz səsi ilə videoyazısı təqdim olunub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Heydər Əliyev Mərkəzi və YAP Qazax rayon Qadınlar şurasının sədri Yeganə Göyüşovanın birgə təşkilatçılığı ilə “Vətən sərhəddən başlanır” başlıqlı onlayn tədbir keçirilib. Sərhəd Qoşunları Gününə həsr edilən tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tovuz rayon MKS və Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Poeziyamızın Bəxtiyarı” mövzusunda onlayn tədbir keçirilib. Tədbirin sonunda “Bəxtiyar Vahabzadə - 95” başlığında onlayn sərgi nümayiş etdirilib.

Nurəddin MƏMMƏDLİ