Ölkəmizdə atçılıq idmanının zəngin tarixi var. XX yüzillikdə həyatını başdan-başa bu sənətə bağlayan və onun inkişafına töhfələr verən idmançılar olub. Ömrü at belində keçən belə insanlardan biri Azərbaycanın ilk usta jokeyi, ilk Əməkdar məşqçisi Əli Tağıyevdir. Onun cıdır yarışlarında 1500-dən çox qələbəsi qeydə alınıb. Ümumittifaq yarışlarında isə respublikamızın qazandığı 50-ə yaxın qələbənin 40-ı Əli Tağıyevin adı ilə bağlıdır. Bu il onun anadan olmasının 90 illiyidir.

Əli Tağı oğlu Tağıyev 1930-cu ildə Borçalı elində dünyaya göz açıb. Erkən çağlardan onda at bəsləmək, cıdır yarışlarında iştirak etmək marağı yaranır. 1941-ci ildə, 11 yaşında bunun üçün yaxşı şərait olan indiki Ağstafa şəhərinə gəlib atçılıq təsərrüfatında işə düzəlir. Həmin vaxtdan cıdır yarışlarına qatılmaq üçün tez-tez Bakıya gəlir. Yarışlara qatılır və yaxşı nəticələr qazanaraq usta jokey adı alır.

Əli Tağıyev 1955-ci ildə hərbi xidmətə yollanır. Bu müddətdə Moskvanın məşhur cıdır meydanında sovet generallarının atlarına qulluq edir.

Onu da qeyd edək ki, N.Xruşşovun SSRİ-də hakimiyyətə gəlməsi ilə ölkədə bəzi qadağalar yumşaldılır. O, Britaniya ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atır. Britaniya Kraliçası II Yelizavetanın at həvəskarı olduğu N.Xruşşova məlum idi. 21 aprel 1956-cı ildə kraliçanın 30 yaşı tamam olacaqdı. Bu münasibətlə dünyanın hər yerindən Londona qonaqlar gələcəkdi. SSRİ-nin rəhbəri də öz hədiyyəsini məhz həmin gündə göndərməyi lazım bilir. Bu məqsədlə nümayəndə heyəti yaradılır. Bir çox şəhərlərdə baxışlar, seçimlər edilir. Ancaq bir nəticə hasil edilmir. Nəhayət, nümayəndə heyəti Bakıya gəlir. Onlar heç yerdə tapa bilmədiklərini burada tapırlar. Cıdır meydanında gördükləri Qarabağ atının gözəlliyinə heyran qalırlar.

Zaman adlı həmin Qarabağ atı Ağdam Atçılıq Zavodunda yetişdirilmişdi. Zamanı Londona kimin aparacağı məsələsi də problemə çevrilir. Bakıdan Londona kimin gedəcəyi ilə bağlı 30 idmançı arasında seçim aparılır. Qəti bir qərara gəlinmir. Araşdırmalarda göstərilir ki, həmin toplantıda kimsə Əli Tağıyevin adını çəkir. Bu, hamının ürəyincə olsa da, Ə.Tağıyev o zaman Moskvada hərbi xidmətdə idi. Dərhal Moskvaya müraciət edilir. Hərbi hissədən onun Azərbaycana gətirilməsi üçün tapşırıq verilir. O, qısa müddətdə Bakıya qayıdır. Hazırlıqlar sürətlənir və ona çərkəzi paltar tikilir. Nümayəndə heyəti ittifaqın paytaxtına yola düşür. Moskvada N.Xruşşov Londona gedəcək nümayəndə heyəti ilə görüşür. Ə.Tağıyevin geyimini isə bəyənmir. Ona yeni paltar hazırlanır, xəncər və papaq da əlavə edilir. Zaman atı üçün isə gümüş yəhər və üzəngi gətirilir.

Nəhayət, Qarabağın Zaman atı Londona gedib çıxır. Kraliçaya təqdimat üçün hazırlanır. Yüzlərlə insanın toplandığı ad günü mərasimində Ə.Tağıyev atı II Yelizavetaya təqdim edir. Atın gözəlliyi kraliçanı heyran edir. Ona yaxınlaşır və yalmanını oxşayır. Ə.Tağıyev iki həftə Londonda qalır. Kraliçanın dəvəti ilə o, Zamanla yarışlarda iştirak edəcəkmiş. Ancaq buna Moskvadan razılıq verilmir.

Araşdırmalarda o da göstərilir ki, ingilislər Zamanın Londonda olmasından lazımınca yararlanaraq Qarabağ atının cinsini əldə ediblər. Bunun nəticəsidir ki, kraliçanın atlarının bir çoxunda Qarabağ atının fiziki elementləri özünü göstərir. SSRİ-nin süqutu ərəfəsində Ə.Tağıyev kral ailəsindən Zamanın törəmələrinin fotolarını alır. Həmin törəmələrin ən gözəli isə Jasmin adlı at olub.

Usta jokey SSRİ-də çox məşhur olub. Keçmiş ittifaqda atçılıq idmanının əsasını qoyan Sovet İttifaqı Qəhrəmanı, marşal Semyon Budyonnı onun ən yaxın dostlarından idi. Budyonnı ən yaxşı atları tapmaq üçün həmişə Ə.Tağıyevə müraciət edərmiş.

İdman ustasının taleyinə daha bir milli naxış da düşüb. Məlum olduğu kimi, 1967-ci ildə Azərbaycanda Novruz bayramı ilk dəfə dövlət səviyyəsində qeyd olunub. Həmin tədbirdə ilk dəfə bayram məşəlini İçərişəhərdə at belində alovlandıran da Ə.Tağıyev olub.

Şöhrəti ölkələr dolaşan Əməkdar məşqçi 2005-ci ildə, ömrünün 75-ci ilində vəfat edib.

S.FƏRƏCOV