Professor Hüseyn Həşimlinin 55 illiyinə elegiya əvəzi
Savadı, ziyalılığı, xeyirxahlığı, bir sözlə, yaxşı keyfiyyətləri ilə fəxr etdiyimiz insanların itkisi haqqında heç vaxt düşünmək istəmirik. Onların yoxluğunu təsəvvürə belə gətirməkdən çəkinirik. Görkəmli ədəbiyyatşünas alim, pedaqoq, mətnşünas, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin qəfil vəfatı ilə dərindən sarsıldıq.
Elmə böyük xidmətləri, gözəl müəllimliyi barədə yanında söz salanda narahat olardı. Bu barədə söz düşəndə deyirdi ki, mən böyük elm cəfakeşlərinin yanında kiməm ki! Ancaq onun 30 illik elmi fəaliyyətinə nəzər yetirəndə heyrətlənməyə bilmirsən...
Hüseyn müəllim, insanların uğuruna sevinməyi həm də Sizdən öyrəndim. Yaxşı bir məqalə, hekayə, hətta bir gözəl deyimin belə qiymətini verərdiniz. İndi bilmirəm, Sizi – böyük mənəvi sərvət sahibini – olduğu kimi dəyərləndirməyə gücüm çatarmı, sözlərim yetərmi?! Amma yox, vaxtilə dərs dediyiniz Türkiyədən tələbə yoldaşım Harun Bozqurd dadıma çatdı. Bu ağır itkidən doğan kədərimizi bölüşərkən o, haqqınızda “Tam alim, ədəbiyyatın ədəbini içmiş usta” ifadəsini işlətdi. Mən də həmin an Harun bəyə bu fikrini yazımın başlığına çıxaracağıma söz verdim...
Hüseyn müəllim, 2015-ci ildə 50 yaşınız münasibətilə yazdığım açıq məktubu oxuyan müəllim yoldaşlarınız, tələbələriniz və Sizi tanıyan digər insanlar mənə deyirdilər ki, bizim qəlbimizdən keçənləri qələmə almısan. Bununla necə sevilməyiniz, örnək qəbul olunmağınız bir daha təsdiqini tapırdı.
Vəfat xəbərinizi alanda, qeyri-ixtiyari tənqidçi, ədəbiyyatşünas, pedaqoq Abdulla Suru və onun 1912-ci ildə Gəncədə izdihamlı dəfn mərasimi haqqında yazılanları xatırladım. Sonradan “istiqlal şairi” ünvanı alacaq gənc Əhməd Cavadın müəllimi əbədiyyətə uğurlanarkən söylədiyi elegiyadan bu misralar yaddaşımda düzüldü:
...Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.
Ancaq dünən başımıza kölgə salan bir bulut,
Önümüzdə!... Haqqın varsa, ey daş yürək, gəl unut!...
Bir də Hüseyn Cavid əfəndinin öz sevimli müəllimi Məhəmməd Tağı Sidqinin (1854-1903) vəfatı ilə bağlı Urmiyadan bu maarif carçısının oğlu Məmmədəli Sidqiyə (1888-1956) yazdığı məktubdakı “Elə bilirəm ki, həqiqətdə mənim öz atam vəfat edib” fikri yadıma düşdü. 55 illik ömrünüzün 30 ilini elmin, təhsilin inkişafına səxavətlə xərclədiyinizə görə Sizin də adınız “müəllimlər iftixarı” fədakar ziyalıların – Sidqilərin, Şaiqlərin, Mahmudbəyovların, Qənizadələrin, Köçərlilərin sırasına yazılıb...
Ədəbiyyatımızın işığa möhtac səhifələri Sizi daha çox düşündürürdü. XX yüzilliyin əvvəllərində ədəbiyyat və mətbuat sahəsində fəaliyyət göstərmiş, mədəniyyət salnaməmizə adını yazdırmış insanların həyat və fəaliyyətinin öyrənilməsi, təbliği ilə bağlı çox gərgin, yorulmadan çalışırdınız. Hələ əlinizdə yüz kitablıq arxiv materiallarının olduğunu deyirdiniz. Gecə-gündüz apardığınız araşdırmalar sayəsində ildə bir, bəzən də iki monoqrafiya ərsəyə gətirirdiniz.
Tanınmış ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə elmi fəaliyyətiniz haqqında ağızdolusu yazırdı: “...Hüseyn Həşimli 2011-ci ildə doktorluq dissertasiyası müdafiə edəndə avtoreferata 9 monoqrafiya, 100 elmi məqalə, özü və əsərləri barəsində 20 yazı qeyd etmişdi. Bu, 46 yaşlı bir alim üçün böyük uğur, canlı zəkanın, mənəvi böyüklüyün əlaməti idi... Hüseyn Həşimlinin yazdıqları arxivdə qalmayacaq, yaddaşlara, oradan da hər şeyi ədalətlə yerbəyer edən tarixə daxil olacaq. Çünki onun əsərləri istedadla, zəhmətlə, halallıqla yazılıb, həqiqi ziyalı mənəviyyatından yaranıb”.
Ədəbiyyatşünas, şair Elşad Səfərli isə 2005-ci ildə Sizə həsr elədiyi kodalı akrostix sonetdə “ürəyinizlə qaranlıq mətləblərə nur saçdığınızı”, sonet janrının “Qordi düyünü”nü açdığınızı yüksək poetik dillə ifadə etmişdi:
Yox, elmin cəfaları yük olmadı sinənə,
Nə də bezib, bu yolun çətinliyindən qaçdın.
Haqq odunu qoymadın qəlbində bitib sönə,
Ədalət olan yerdə daim səsləndi adın.
Araşdırma aparmaqdan zövq alsanız da, təəssüf ki, “elmin cəfaları” sinənizə ağır yük oldu. Fasiləsiz, gərgin elmi-pedaqoji işiniz, ictimai fəaliyyətiniz ömrünüzü yarıda kəsdi, planlarınızı yarımçıq qoydu. Elmə, insanlığa xidmətlə döyünən qəlbiniz 55 yaşınıza 66 gün qalmış əbədi dayandı. Bəlkə də elə bu qədər yaşayacağınızı bilirdiniz. Qazandığınız zəngin biliyi auditoriyalarda, teleradio efirlərində, kitab və məqalələrlə davamlı şəkildə bölüşmək üçün sanki tələsirdiniz...
Həyat və yaradıcılığının kölgədə qalmış məqamlarını araşdırıb elmi ictimaiyyətə təqdim etdiyiniz Əli Məhzun (1886-1934), Məhəmməd Hadi (1879-1920), Əliabbas Müznib (1883-1937), Səid Səlmasi (1887-1909), Əlipaşa Səbur Hüseynzadə (1885-1934), Fərhad Ağazadə (1880-1931), Əli Nazim (1906-1941), Abdulla Sur (1883-1912), Nemət Bəsir (1889-1942) və başqa ədiblərin, ziyalıların əksəriyyətinin taleyinə nakam ömür yazılıb. Fəaliyyətlərinin çiçəkləndiyi dövrdə əbədiyyətə qovuşublar. Təəssüf ki, Siz də belə bir tale yaşadınız. Elmi yaradıcılığınızın ən bəhrəli çağında idiniz. Təsəllimiz odur ki, yandırdığınız elm ziyası və sahib olduğunuz mənəvi sərvət cismani yoxluğunuzda belə azalmayacaq!
Hüseyn müəllim, əlaqə saxlayıb hal-əhval edəndə ilk olaraq “maariflənirik” deyirdiniz. Elmi fakt acı idiniz. Fövqəladə yaddaşınız hər kəsi heyrətləndirirdi. Hərdən düşünürdüm ki, bu qədər fakt və mənbəni yadda saxlayan insanın psixoloji ahəngi necə normal qala bilər...
Son günlər arabir “Vətən daşı” Məmməd Araz kimi mən də “İnana bilmirəm ölüm haqq ola, Torpaq rəssam uda, bəstəkar uda”. Həmçinin Hüseyn Həşimli kimi həqiqi ziyalı, alim, qayğıkeş müəllim vədəsiz vəfat edə. Amma inanmaq və barışmaqdan savayı çarəmiz varmı?!
Avqustun 25-də 55 illik yubileyinizi ən azı telefon zəngi ilə təbrik edəcəkdim. Özü də zəngimə birbaşa cavab verməyəcəkdiniz, söndürüb özünüz geri yığacaqdınız. Bəhanənizsə bu olacaqdı ki, bölgələrdən paytaxta zənglər bir qədər ucuz başa gəlir... Hər addımda diqqətli idiniz. Mənəvi ucalığınızda heç zaman dalğalanma müşahidə etmədik!
Hüseyn müəllim, yaşadığınız hər bir gün gözəl valideynliyinizlə yanaşı, elmimizin, təhsilimizin, sözün geniş mənasında, insanlığın qazancı idi! Biz çox şey itirdik, Ustad! Sizi unutmayacağıq!
Fariz YUNİSLİ