Niderland kanalında əfsanəvi partizanlardan söhbət açılıb

İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsgərlər partizan dəstələri yaradaraq Avropa xalqlarının azadlığı uğrunda qəhrəmanlıqla mübarizə aparıblar.

“Medo” ləqəbli Məmməd Məmmədov Niderlandda partizan dəstələrində yerli xalqların nümayəndələri ilə birlikdə döyüşüb və bu gün Niderlandın milli qəhrəmanı kimi tanınır.

Bu fikirləri Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yerli “Live 24” kanalına müsahibəsində səsləndirib. O, Məmməd Məmmədovun müharibə zamanı göstərdiyi şücaətlərdən söz açıb.

Bildirib ki, İkinci Dünya müharibəsində faşistlərə qulluq edən və onlarla əlbir olub yerli insanlara zülm edən erməni mənşəli Qaregin Njde kimiləri də olub. Ancaq bu gün Avropanın bir çox ölkələrində Azərbaycan əsilli qəhrəmanlar uyuyur. Onların xatirəsi daim ehtiramla yad edilir.

S.Qasımov azərbaycanlı qəhrəmanlar arasında Sloveniyada uyuyan əfsanəvi Mixaylonun –Mehdi Hüseynzadənin, Fransada antifaşist Müqavimət hərəkatının  qəhrəmanı Əhmədiyyə Cəbrayılovun adlarını da diqqətə çatdırıb.

İzləyicilərə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı, eləcə də Azərbaycan diasporu haqqında ətraflı məlumat verilib.