Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası ilə bağlı tədbirlər həyata keçirilir

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov avqustun 26-da Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

Görüş zamanı mədəni irsin mühafizəsi, tarixi-mədəni abidələrin bərpasına yeni yanaşmalar, abidələrin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında 18 aprel 2019-cu il tarixində imzalanan Niyyət məktubuna əsasən görülən işlərdən də söhbət açılıb. Xatırladaq ki, sözügedən sənəd Bakının Mərdəkan qəsəbəsindəki tarixi abidələrin – Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasında əməkdaşlığı nəzərdə tutur.

Qeyd olunub ki, həmin razılaşmaya uyğun olaraq TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilir.

Anar Kərimov bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

TİKA-nın Bakı ofisinin koordinatoru Teoman Tiryaki də öz növbəsində ikitərəfli əlaqələrin önəmini qeyd edərək qəbula görə təşəkkürünü bildirib.