Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin ilk iclası keçirilib. Onlayn formatda keçirilən iclasa Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da qatılıb.

Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Amerika–Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova, Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Kaliforniyada professor köməkçisi və müəllim vəzifəsində çalışan Arzu Məmmədova, Şimali Amerika Gənclər Assosiasiyasının rəhbəri Aytac Qasımova çıxış ediblər.

Müzakirələr zamanı AAKŞ-nin strategiyası, fəaliyyətinin media və sosial şəbəkələrdə işıqlandırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin həyata keçirdiyi işlər, ABŞ-da reallaşdırılması nəzərdə tutulan layihələr, Azərbaycana dost münasibəti bəsləyən digər icmalarla əlaqələrin qurulması barədə söhbət açılıb.

Erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı informasiya müharibəsinə qarşı birgə fəaliyyət göstərilməsi, ABŞ konqresmenləri ilə əlaqələrin qurulması və dövlət strukturlarına müraciət qaydalarının öyrədilməsi məqsədilə seminarların təşkilinin vacibliyi vurğulanıb.