Avqustun 27-dən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunacaq. Xüsusi qabiliyyət imtahanları təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti və memarlıq istiqamətləri üzrə keçiriləcək.

Abituriyentlərin (subbakalavrların) tapşırıqlarını qiymətləndirmək üçün 34 Qabiliyyət İmtahanı Komissiyası (QİK) təşkil ediləcək. QİK-lərə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, digər təşkilat və qurumların nümayəndələri, DİM-in əməkdaşları daxildir.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Xoreoqrafiya sənəti üzrə abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli, özləri ilə rəqs paltarı gətirməlidir.