Azərbaycan Televiziyasının (AzTV) Bədii və sənədli filmlər studiyasında tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyevə həsr olunmuş“Daşın içindəki həyat” sənədli film çəkilib. Ekran əsəri avqustun 28-də (saat 21:45) “Mədəniyyət” kanalında nümayiş etdirilib.

Filmdə “Şöhrət” ordenli heykəltəraş, professor Natiq Əliyevin həyat və yaradıcılığından, onun Azərbaycanda və müxtəlif ölkələrdə ucaldılmış monumental əsərlərindən bəhs olunur.

Həmçinin ekran əsərində heykəltəraşın uşaqlıq illərindən başlayaraq, orta və ali təhsil dövrlərini əhatə edən həyat yolu işıqlandırılır və sənət və sənətkarlıq haqqında düşüncələri yer alır.

Sənədli filmin çəkilməsində əsas məqsəd Azərbaycanın incəsənət tarixində öz yerini tutmuş dünyaşöhrətli heykəltəraş Natiq Əliyevi tamaşaçıya daha yaxından tanıtmaq, xüsusən də gənc heykəltəraşlara nümunə kimi təqdim etməkdir.

Filmin ssenari müəllifi Cavi Dan, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.