Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə üzrə davam edən xüsusi karantin rejimində avqustun 5-dən başlanmış tədrici yumşalmaların növbəti addımları elan edilib.

Baş Nazir Əli Əsədovun imzaladığı 29 avqust 2020-ci il tarixli 311 nömrəli qərarla  Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavətədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişikliklər edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda bəzi məhdudiyyətlərin aradan qaldırılması 31 avqust tarixindən həyata keçiriləcək. Bu sıraya muzey və sərgi zallarının fəaliyyəti də daxildir.

Avqustun 31-dən etibarən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Bununla yanaşı, muzeylər və sərgi zalları öz fəaliyyətlərini müvafiq sanitar-epidemioloji qaydalara (eyni zamanda ziyarətçi qrupunun 10 nəfərdən artıq olmaması, sosial məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə və s.)  uyğun həyata keçirəcəklər.

Xatırladaq ki, mart ayında pandemiya ilə bağlı bütün ölkə üzrə karantin rejiminin tətbiq edilməsindən təxminən iki ay sonra – 18 may tarixindən muzeylər və sərgi zalları ziyarət üçün açılmışdı. Lakin bundan bir ay sonra – 21 iyun tarixindən, COVİD-19-a gündəlik yoluxma sayının kəskin surətdə atması nəzərə alınaraq yenidən karantin rejimi sərtləşdirildi, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti də dayandırıldı.

Məhdudiyyət tətbiq edilən ayrı-ayrı sahələrdə fəaliyyətin bərpası isə koronavirusla bağlı şəraitin bundan sonra necə olacağına bağlıdır. Xatırladaq ki, mart ayından etibarən mədəniyyətin bir çox sahələrində xüsusi karantin rejimi qadağaları qüvvədədir. Buraya mədəni-kütləvi tədbirlər, o cümlədən kinoteatrların, teatrların fəaliyyəti daxildir.

Qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən qərarına əsasən, 31 avqust tarixindən 30 sentyabradək sərt karantin rejimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda davam edəcək. Daha öncə bu sırada olmuş Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.