Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb.

Prezidentin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri yüksək qiymətləndirən onlayn və çap mediasının nümayəndələri ilə ölkə mediasının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb. “Məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir” – deyə o bildirib (APA).

Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Bundan çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”.

H.Hacıyev həmçinin qeyd edib ki, uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm: “Redaktorlardan da dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”.