Sentyabrın 1-i Azərbaycanın görkəmli ictimai xadimi, Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) xatirə günüdür. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə silinməz izlər qoyan Tağıyevin vəfatından 96 il ötür.

Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları (“Müsəlman xeyriyyə cəmiyyəti”, “Nəşr və maarif”, “Nicat” və s.) Tağıyevin yardımı sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

Hacı Zeynalabdin Tağıyev 1900-cü ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda Qızlar məktəbi tikdirir. Bu, Cənubi Qafqazda müsəlman qızlar üçün yeganə məktəb idi. Böyük xeyriyyəçinin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir.

28 aprel 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsindən sonra başqa milyonçular kimi, Tağıyevin də var-dövləti əlindən alınır. Bununla belə, yeni – sovet hökumətinin rəhbəri Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O əlindən alınmış keçmiş mülklərindən Mərdəkandakı bağ evini seçir. Ömrünün son illərini burada keçirir və 1924-cü il sentyabrın 1-də vəfat edir. Tağıyev öz vəsiyyətinə uyğun olaraq Mərdəkan qəsəbəsində torpağa tapşırılıb.

Xeyriyyəçi milyonçunun xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. 2019-cu ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması barədə qərar qəbul olundu. Heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə keçirdiyi açıq müsabiqənin qalibi Xalq rəssamı, tanınmış heykəltəraş Xanlar Əhmədov oldu. Onun təklif etdiyi layihə müsabiqəyə təqdim olunan 26 əsər arasından seçildi.

Hazırda 2,5 metr hündürlüyündə olacaq heykəldə Tağıyev buxara papaq, ənənəvi libasda, əlində  təsbeh, əsa, sinəsində orden və medallarla təsvir edilib.

Heykəlin bu ilin mart ayında ucaldılacağı bildirilmişdi, lakin pandemiya onu da ertələdi...