Asudə vaxtını maraqlı keçirmək istəyənləri qəbul etməyə hazırdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə üzrə xüsusi karantin rejimində avqustun 5-dən başlanmış tədrici yumşalmaların növbəti addımları elan edilib.

Baş Nazir Əli Əsədovun imzaladığı 29 avqust 2020-ci il tarixli 311 nömrəli qərarla  Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişikliklər edilib.

Qərara əsasən, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda bəzi məhdudiyyətlər 31 avqust tarixindən aradan qaldırılıb. Bu sıraya muzey və sərgi zallarının fəaliyyəti də daxildir.

Avqustun 31-dən etibarən muzeylərə və sərgi zallarına ziyarətçilər qəbul etməyə icazə verilib. Bununla yanaşı, bu mədəniyyət ocaqları öz fəaliyyətlərini müvafiq sanitar-epidemioloji qaydalara (eyni zamanda ziyarətçi qrupunun 10 nəfərdən artıq olmaması, sosial məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə və s.)  uyğun həyata keçirəcəklər.

Xatırladaq ki, mart ayında pandemiya ilə bağlı bütün ölkə üzrə karantin rejiminin tətbiq edilməsindən təxminən iki ay sonra – 18 may tarixindən muzeylər və sərgi zalları ziyarət üçün açılmışdı. Lakin bundan bir ay sonra – 21 iyun tarixindən, COVİD-19-a gündəlik yoluxma sayının kəskin surətdə atması nəzərə alınaraq, yenidən karantin rejimi sərtləşdirildi, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti də dayandırıldı.

Nazirlər Kabinetinin yeni qərarına uyğun olaraq, Azərbaycan Milli Xalça Muzeyi sentyabrın 2-dən fəaliyyətini bərpa edir. Muzey həftə içi çərşənbə axşamı–cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq. Asudə vaxtını maraqlı və səmərəli keçirmək istəyənlər sentyabrın 2-dən Azərbaycan Milli Xalça Muzeyini ziyarət edə bilər.

Ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında edilən dəyişikliklərə uyğun olaraq, avqustun 31-dən Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini bərpa edib.

Qoruğun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydaları və metodiki göstərişlərinə, sanitariya normalarına uyğun təşkil olunub. Bu məqsədlə qoruq ərazisindəki muzeyin girişində və zallarında COVİD–19 infeksiyasından qorunmaq üçün məlumatlandırıcı lövhələr asılıb, sosial məsafənin qorunması məqsədilə nişanlanma aparılıb.

Bundan başqa, qoruq əməkdaşları tərəfindən muzeyə daxil olan hər bir ziyarətçinin hərarəti ölçülür, əllərinin dezinfeksiyası üçün vasitələr təqdim olunur. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini onlayn surətdə davam etdirərək izləyicilərə virtual xidmətlər göstərib. Hazırda qoruq öz normal iş rejimini bərpa etməklə yanaşı, onlayn fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək, bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq istəyirsinizsə, Qobustan Milli Tarix-Bədii Qoruğu qədim tarixi, ecazkar qayaüstü təsvirləri və füsunkar təbiəti ilə yolunuzu gözləyir.

Beləliklə, yuxarıda qeyd etdiyimiz təxminən bir ay müddəti (18 maydan 20 iyunadək) hesaba almasaq, yaz-yay mövsümlərini məcburi karantinə görə bağlanan mədəniyyət ocaqlarının kiçik bir qismi payızın ilk həftəsində fəaliyyətini bərpa edir.

Məhdudiyyət tətbiq edilən ayrı-ayrı sahələrdə fəaliyyətin bərpası isə koronavirusla bağlı şəraitin bundan sonra necə olacağına bağlıdır. Xatırladaq ki, mart ayından etibarən teatrların, konsert zallarının real səhnə fəaliyyəti dayandırılıb. Görünən odur ki, bu məkanlar yeni sənət mövsümünə də sosial şəbəkələr üzərindən virtual təqdimatlarla başlayacaqlar. Ölkəmizdə konsert mövsümü hər il 18 sentyabr – Milli Musiqi Günündə, teatr mövsümü də sentyabrın ikinci yarısında başlayıb.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən qərarına əsasən, 31 avqust tarixindən 30 sentyabradək sərt karantin rejimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda davam edəcək. Daha öncə bu sırada olmuş Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.