Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəklikləri” – Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.

Bununla bağlı Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilib. Reportajlarda Prezident İlham Əliyevin müsahibəsi təqdim olunub.

Prezident İlham Əliyev müsahibədə diqqətə çatdırıb ki, 1943-cü ildə Rostov şəhərini faşist işğalından azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı diviziya təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib.

Dövlətimizin başçısı bildirib ki, Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtgü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.

“Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, 416-cı diviziya Berlin əməliyyatında da fərqlənib. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə qələbə bayrağını sancıb.

“Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək.

Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, – deyə dövlətimizin başçısı qeyd edib.