Milli KitabxanaBöyük Vətən müharibəsi illərində

 

Bu il II Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyidir. Qələbənin qazanılmasında Azərbaycan xalqının da tarixi rolu olub. Azərbaycandan cəbhəyə getmiş 600 minə yaxın insanın yarısı döyüşlərdə həlak olub, xalqımızın fədakar oğulları arxa cəbhədə də gecə-gündüz çalışaraq cəbhəyə kömək ediblər.

 “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)” adlı kitab (http://anl.az/down/AMK_Veten_Muh_illerinde.pdf) bu mədəniyyət ocağının Böyük Vətən müharibəsi illərində fəaliyyətinə həsr olunub.

Qələbənin 75 illiyi münasibətilə hazırlanan, Azərbaycan və rus dillərində nəşr olunan kitabda müharibə dövründə kitabxana fondunun tərkibi, kitab verilişi, oxucuların davamiyyəti, Milli Kitabxananın məlumat-biblioqrafiya fəaliyyəti, müharibə ilə əlaqədar tədbirlərin təşkili, kitabxanaçıların fədakar əməyi, hospitallarda yaralı əsgərlərə kitabxana xidmətinin göstərilməsi, müharibə mövzusu ilə əlaqədar sərgilərin keçirilməsi və digər məsələlər əks olunub.

Yeni nəşrin şəhər və rayon MKS-lərə göndərilməsi təmin edilib.

 

“Günəşdən gələn pay”

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusunu uşaq ədəbiyyatının sevilən nümayəndəsi, yazıçı, şair, tərcüməçi, professor Zahid Xəlilin həyat və yaradıcılığına həsr edib.

Layihənin məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılığı ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bilik xəzinəsinin qapılarını üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” layihəsini həyata keçirməklə uşaqları maarifləndirərək dünyagörüşlərinin formalaşdırılmasında, kitaba və mütaliəyə maraqlarının artırılmasında onlara xidmət göstərir.

Onlayn görüş zamanı yazıçıya bir neçə maraqlı sual ünvanlanıb. Sualları ətraflı cavablandıran Zahid Xəlil yaşından asılı olmayaraq hamıya mütaliə etməyi tövsiyə edib və həyatda uğur qazanmağın əsas yollarından birinin də məhz mütaliədən keçdiyini söyləyib.

Layihə kitabxananın “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “Youtube” kanalı vasitəsilə təqdim edilir.

 

“General Polad Həşimov xatirələrdə”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-də “General Polad Həşimov xatirələrdə” kitabının canlı yayımda təqdimatı olub. “Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan kitab “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının ortaq layihəsidir.

Canlı yayımın qonağı olan “Hədəf Nəşrləri” evinin direktoru, yazıçı, tərcüməçi Səbuhi Şahmursoy kitab haqqında, onun ərsəyə gəlməsi barədə geniş məlumat verib. General Polad Həşimovun evində qonaq olan Səbuhi Şahmursoy onun ailəsi ilə tanışlığından, necə şərəfli və qürurverici görüş olduğundan danışıb.

 

Milli Qəhrəman Çingiz Mustafayev yad edilib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin 60 illiyi münasibətilə hazırladığı virtual sərgini təqdim edib. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində reallaşıb.

Milli Qəhrəmanın qısa, eyni zamanda çox maraqlı, rəngarəng ömür yolu, 1980-cı illərdə yaratdığı “Cəngi” birliyinin fəaliyyəti, bu illərdə Azərbaycanda ilk rep və DJ sənətinin təşəkkül tapmasında iştirakı, cəsur telereportyor kimi fəaliyyəti, Vətənə sevgisi diqqətə çatdırılır. Sərgidə Çingiz Mustafayev haqqında qələmə alınan 10-dan çox kitab da yer alıb.

“Çingiz Mustafayev-60” adlı virtual sərgini bu linkdən izləmək olar: https://www.instagram.com/p/CEdjX8Phn-D/.

 

İsmayıl Şıxlıya həsr edilmiş virtual sərgi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) əsərlərindən ibarət virtual kitab sərgisi təşkil edib. Sərgidə ədibin “Dəli Kür”, “Ölən dünyam” və başqa romanları, povest və hekayələri təqdim olunub.

Karantin günlərində oxucuların kitabxanaya getməsində məhdudiyyət yarandığına görə, onların kitaba olan marağının itməməsi üçün kitabxana tərəfindən belə virtual sərgilər davamlı olaraq təşkil edilir.