Avqustun 31-də Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27 ili tamam oldu.
Ermənistanla 120 kilometr sərhədi olan Qubadlı rayonu 1992-ci ildən davamlı olaraq düşmən ölkə tərəfdən hücumlara məruz qalırdı. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.
30 avqust 1930-cu ildə təşkil edilən Qubadlı rayonunun ərazisi 802 kvadrat kilometrdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna birləşdirilib, 1964-cü ildə yenidən ayrıca ərazi-inzibati vahid kimi təşkil olunub. İşğaldan öncə rayonun 94 yaşayış məntəqəsi (1 şəhər, 93 kənd) vardı, əhalisi 30 min nəfər idi.
Qubadlı rayonu şimaldan Laçın rayonu, keçmiş Hadrut rayonu (Dağlıq Qarabağ Muxtar Vilayəti), şərqdən Cəbrayıl rayonu, cənubdan Zəngilan rayonu ilə həmsərhəddir. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir.
Rayonun ərazisi, həmçinin qədim insan məskənlərindən biri olub. Arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdı. Qubadlı şəhəri ərazisində aşkar olunmuş Xırman yeri, Əliquluuşağı kəndində aşkar olunmuş Qalaça, Koroğlu qalası, Muradxanlı kəndi ərazisində Mal təpə abidələri mütəxəssislər tərəfindən Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir.
İşğal nəticəsində rayonda 100-dən çox mədəniyyət müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi də dağıdılaraq talan edilib. “Gavur dərəsi”ndəki IV əsrə aid ibadətgah, V əsrə aid Qalalı və Göyqala abidələri, XIV əsrdə tikilmiş Dəmirçilər türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.