Pandemiyalı-karantinli daha bir ay arxada qaldı. Ötən müddətdə bəlli məhdudiyyətlərin tətbiq olunduğu mədəniyyət sahəsinin müəssisələri mövcud şəraitə uyğun fəaliyyət göstərməyə çalışıblar. Yerlərdə mədəni həyat tədricən yumşalan karantin rejiminin reallıqları ilə bir arada davam etməkdədir.
***
Kürdəmir Regional Mədəniyyət İdarəsində uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirakı ilə videokonfrans keçirilib.
İdarənin rəisi Elman Məmmədov mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlər, uşaq musiqi və incəsənət məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar sənədləşmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara və sanitar-epidemioloji tələblərə əməl edilməsi sahəsində qarşıda duran vəzifələrdən danışıb. Musiqi və incəsənət məktəblərinin direktorları yeni dərs ili ilə əlaqədar bir sıra məsələlərə toxunublar, müzakirələr aparılıb.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsinin növbəti onlayn iclasında idarənin rəisi Elnur Hüseynov müəssisələrin fəaliyyətindən danışaraq, yeni qaydalara uyğun işin gücləndirilməsi, yaradıcı insanların fəaliyyəti, regionun özünəməxsus mədəniyyət istiqamətinin müəyyənləşdirilməsini vurğulayıb. Videokonfransda həmçinin elektron xidmətlərin genişləndirilməsi, region üçün xas olan sənətkarlıq növlərinin inkişafı, xalq teatrlarının fəaliyyəti istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
Regional idarənin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Uşaq Musiqi Məktəbi və Şamaxı İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdləri Polşanın Volin şəhərindən distant formatda keçirilən XVI Beynəlxalq “Mədəniyyət karvanı” layihəsinə qatılıblar. Tar ixtisası müəllimi Ramiz Hüseynov, violin ixtisası müəllimi Nurlan Allahverənov yüksək ifa peşəkarlığına görə sertifikata, V sinif şagirdi Vasif Cavadov və VI sinif şagirdi Cavid Rəcəbli isə yarışmanın laureatı adına layiq görülüblər.
***
Şəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə əfsanəvi partizan, Fransada antifaşist Müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun 100 illiyi haqqında ölkə başçısının sərəncamına müvafiq olaraq onlayn videokonfrans keçirilib.
Balakən, Zaqatala, Qax, Oğuz, Neftçala rayonlarındakı Heydər Əliyev mərkəzlərinin də təmsil olunduğu onlayn görüşdə çıxışçılar Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıq dolu ömür yolundan söz açıblar. Videokonfransa qonaq qismində dəvət olunan Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov ulu öndər Heydər Əliyevlə görüşləri barədə söhbət açıb və atası ilə bağlı xatirələrini bölüşərək, konfrans iştirakçılarının suallarını cavablandırıb.
Şəki rayon MKS-nin təşkilatçılığı ilə kitabxana işçilərinin növbəti videokonfransı keçirilib. MKS-nin direktoru Seyid Vahabov Mədəniyyət Nazirliyi və Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən verilmiş göstəriş və tapşırıqları iştirakçıların nəzərinə çatdırıb.
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videokonfrans keçirilib. Mərkəzin direktoru Nərminə Omarova, fond mühafizi Arzu Dunusova mövzu ilə bağlı çıxış ediblər.
Qax rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrında Əhməd Orucoğlunun qələmə aldığı “Qayınana əməliyyatı” komediyanın məşqlərinə başlanılıb. Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşada rolları həvəskar aktyorlar Fikrət Ramazanov, Ceyran Rəcəbova, Nuriyyə Əlimova, Xəlil Nəsibov, Anay Məmmədova, Yusif Qurbanov, Eşqin Asəfov ifa edirlər.
Tamaşa karantin dövrü başa çatdıqdan sonra teatrsevərlərə təqdim olunacaq.
***
Qazax, Ağstafa, Tərtər, Ağdam və Füzuli rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Sülh aylığı” (21 avqust – 21 sentyabr) ilə əlaqədar videokonfrans təşkil edilib. Konfransda Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və mərkəzin əməkdaşları, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elçin Cəfərzadə və əməkdaşlar, Füzuli Heydər Əliyev Mərkəzinin direktoru Ruhin Balakişizadə iştirak ediblər.
Tovuz Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət “Qubadlı rayonunun işğalından 27 il ötür” mövzusunda onlayn rəsm sərgisi təşkil olunub.
Ağstafa Regional Mədəniyyət İdarəsi tabeliyindəki Qazax rayon MKS Xalq şairi Fikrət Qocanın 85 illiyi ilə əlaqədar videokonfrans keçirib. “Fikrət Qocanın poetik dünyası” adlı konfransda kitabxananın əməkdaşları və fəal oxucular iştirak ediblər. MKS-nin direktoru Solmaz Babanlı şairin yaradıcılığı barədə danışıb, diqqətə çatdırıb ki, yubileylə əlaqədar kitabxanalarda onlayn kitab sərgiləri nümayiş etdirilir.
***
Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialının təşkilatçılığı ilə şair Qəşəm İsabəyli ilə onlayn görüş keçirilib. Kitabxananın əməkdaşı Günel Əliyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra şair tədbir iştirakçılarının suallarını cavablandırıb.
Goranboy rayon Mərkəzi kitabxanasının əməkdaşları nasir Əlibala Hacızadənin anadan olmasının 85 illiyi münasibətilə “Əlibala Hacızadə-85” adlı videokonfrans keçiriblər. MKS-nin direktoru Gülnarə Nəsibova ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Kitabxananın əməkdaşları Rəxşəndə Xəlilova və Xatirə Rəhimova yazıçını əsərləri haqqında danışıblar.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Muğam aləmi” adlı onlayn tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək 26 avqust tarixinin muğamsevərlərin bayramı olduğunu, Azərbaycan muğamının bəşəri musiqiyə çevrildiyini, UNESCO-nun irs siyahısında qorunduğunu bildirib.
Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin bədii rəhbəri Seyfulla Ağayev Azərbaycan muğamlarının heyrətamiz hisslər doğurduğunu, müdriklik mənbəyi olduğunu qeyd edib və muğam parçalarını səsləndirib.
***
Bərdə rayon MKS və kitabxana filiallarının videokonfransı keçirilib. MKS-nin direktor müavini İlhamə Məmmədova regional idarənin rəhbərliyi tərəfindən keçirilən Şura iclasında verilən tapşırıqlara uyğun olaraq “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası barədə danışıb. “Azərbaycan gəncliyi və hərbi-vətənpərvərlik tərbiyəsi” rubrikası çərçivəsində onlayn tədbirlərin keçirilməsi ilə bağlı tövsiyələr verilib.
***
Astara, Lənkəran, Lerik, Yardımlı və Samux Rayon Heydər Əliyev mərkəzlərinin, Astara rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş videokonfrans keçirilib. Tədbirdə əlamətdar günün tarixi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, 1981-ci ildə BMT tərəfindən 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edilib.
Astara rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman İdarəsi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin aprel-iyun aylarında onlayn qaydada yeniyetmə və gənclər arasında müxtəlif mövzularda təşkil olunmuş rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.
Xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən mərasimdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, qalereyanın direktoru Naibə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev müsabiqənin qalibi olmuş yeniyetmə və gənc rəssamları təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıblar. 100-dən çox yeniyetmə və gəncin iştirak etdiyi onlayn müsabiqənin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Xalq artisti, Azərbaycan muğamlarının mahir ifaçısı Rübabə Muradovanın (1933-1983) vəfatının ildönümü münasibətlə avqustun 28-də Qəni Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzinin Şağlaser kənd Sənətkarlıq evində unudulmaz müğənninin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Sənətkarlıq evinin mədəni təşkilatçısı, Rübabə Muradova irsinin tədqiqatçısı Əli Əkbərov xanəndənin bənzərsiz ifaçılıq sənəti barədə danışıb. Qeyd olunub ki, Rübabə Muradova Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb.
Tədbirin sonunda sənətkarın yaradıcılığını əks etdirən “Şərqin Leylisi” adlı fotosərginin təqdimatı olub.
Nurəddin MƏMMƏDLİ