Ölkəmizdə mədəniyyət siyasətinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, mədəniyyət sahəsinin idarə edilməsində insan resursları ilə işin müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə Mədəniyyət Nazirliyində həyata keçirilən kadr islahatları davam edir.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Zemfira Qüdrət qızı Hüseynbəyli Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Zemfira Hüseynbəyli 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Böyük Britaniyada Kingston London Universitetini “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcəsi üzrə bitirib. Londonda CİPD İnstitutunun “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə beşinci dərəcəli diplomunu, Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını alıb. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif seminar və konfransların iştirakçısı və təşkilatçısı olub. BMT-nin strukturlarında təcrübə proqramı keçib.  

2012-ci ildən Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə, 2014-2018-ci illərdə BP neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR-ın Azneft İstehsalat Birliyinin (İB) İnsan resursları departamentinin rəis müavini təyin edilib. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir. İngilis, rus dillərini bilir.

***

Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib. 

Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib.

2001-2003-cü illərdə Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib. 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.