Bu il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə Fransada antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Ölkə başçısının Əhmədiyyə Cəbrayılovun 100 illiyi haqqında sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

“Əhmədiyyə Cəbrayılov – 100” adlı virtual sərgidə qəhrəmanın həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, mükafatları, haqqında yazılmış kitab və məqalələr təqdim olunur. Virtual sərgidəki elektron resurslar tam mətni ilə verilib.

Sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Ehmediyye_Cebrayilov/index.htm

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz internet səhifəsində (www.ryl.az) bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat və düşmənin hücumunun qarşısının alınması zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edən xüsusi bölmə yaradıb.

“Onlar Vətən yolunda canlarından keçdilər – Tovuz şəhidləri” adlı bölmədə həmin döyüşlər günbəgün baş verən bütün hadisələrin təsviri ilə diqqətə çatdırılır. Tovuz döyüşlərinə dünya miqyasında münasibət, müxtəlif ölkələrdə Azərbaycana dəstək mitinqləri, Ermənistanın işğalçı mövqeyini təsdiq edən dünya ölkələri haqqında məlumatlar da yerləşdirilib.

***

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tanınmış xanəndə Maya Cəbrayılovanın ifasında “Çanaqqala müzəffər” mahnısının videoçarxını “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsində təqdim edib.

Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüşə həsr olunmuş mahnının sözləri Əli Vahid Çaylıya, musiqisi Elmir Mədətoğluna, aranjimanı Musa Bağırsoya məxsusdur. Videoçarx İslam  Ələsgərli tərəfindən hazırlanıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)  2 nömrəli filialı paytaxtın memarlıq abidələri haqqında silsilə videoçarxların təqdimatını davam etdirir. Növbəti təqdimatda milyonçu Murtuza Muxtarovun ötən əsrin əvvəlində inşa etdirdiyi məşhur tikilidən – Səadət sarayından bəhs edilib.

Milyonçu Murtuza Muxtarovun Avropaya səyahətindən sonra həyat yoldaşına hədiyyə olaraq tikdirdiyi, Venesiyadakı (İtyaliya) məşhur bir binanın dəqiq surətini əks etdirən saray 1912-ci ildə inşa olunub. Saray bu gün Bakının ən gözəl memarlıq abidələrindən biridir.