İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Osayminin təklifi və quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının təsdiqi ilə 2017-ci ildən etibarən hər il sentyabrın 3-ü İƏT ölkələrinin Gənclər Günü kimi qeyd olunur.

İƏT Gənclər Günü münasibətilə İstanbulda keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov İƏT Gənclər və İdman nazirlərinin dördüncü konfransının sədri qismində iştirak edib.

Nazir Azad Rəhimov çıxışında bildirib ki, İƏT ölkələri Gənclər və İdman nazirlərinin Bakı toplantısından sonra qardaş Türkiyədə bu əlamətdar günə həsr edilmiş tədbir ölkələrimizin yerləşdiyi coğrafiyada gənclər siyasətinin inkişafı üçün təcrübə mübadiləsinin aparılması, bu sahədə tərəqqi prosesinə dair yeni fikir və ideyaları öyrənilməsi baxımından mühüm fürsətdir.

Gənclərin hər bir ölkənin gələcək inkişafında mühüm rol oynadıqlarını diqqətə çatdıran Azad Rəhimov bildirib ki, 2004-cü ildə İƏT Gənclər Forumunun təsis konfransının Bakıda keçirilməsi, 2010-cu ildən isə İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi dövlətimizin gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir.

Tədbirdə Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan, təşkilata üzv ölkələrin səfirləri və baş konsulları iştirak ediblər. İƏT-in baş katibi Yusif bin Əhməd əl-Osayminin müraciəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda beynəlxalq fotoşəkil müsabiqəsinin qalibləri təltif edilib. Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu və İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan 2020-2021-ci illər üçün əməkdaşlıq protokolunu imzalayıblar.