Sentyabrın 3-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans başlayıb.

Konfransa moderatorluq edən institutun direktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Ziyəddin Göyüşov sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də, vətənpərvər alim olması ilə hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb. Bu baxımdan onun əsərləri bu gün də istər yerli, istərsə də beynəlxalq miqyasda alimlər tərəfindən oxunur və tədqiq edilir.

O, Ziyəddin Göyüşovun Azərbaycan etika fəlsəfəsinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb, onun elmi istiqamətdə ənənələr yaradan alimlərimizdən biri olduğunu qeyd edib.

İ.Məmmədzadə alimin yubileyi münasibətilə Bolqarıstan Sosiologiya və Fəlsəfə İnstitutunun direktoru Albena Nakova və digər ölkələrin alimləri tərəfindən təbrik məktubları aldığını da bildirib.

Konfransda “Ziyəddin Göyüşovun fəlsəfi etik görüşlərinə dair”, “Fəzilət və Qəbahət həyatın əzəli və əbədi mövzusu kimi”, “Ziyəddin Göyüşov XX əsr Azərbaycan tələbə gəncliyinin kumiri kimi”, “Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi”, “Xalqın əxlaqi sərvətlərini yeni nəsillərə yönəldən böyük alim” və “Ziyəddin Göyüşov: düşüncələr və xatirələr” mövzularında məruzələr dinlənilib.

Onlayn konfrans sentyabrın 4-də davam edəcək.