Elm Tarixi üzrə Avropa Cəmiyyətinin (ESHS) təşkilatçılığı ilə “Elmin vizual, maddi və duyğu mədəniyyətləri” mövzusunda IX Beynəlxalq konfransı keçirilib. Onlayn formatda gerçəkləşən tədbirə Avropa və Asiya ölkələrinin müxtəlif elm və ali təhsil qurumlarından 600-dən çox alim qoşulub.

“Pandemiya elmi əməkdaşlığa maneə deyil” devizi ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli də məruzə edib. Onun məruzəsi Orta əsrlərin görkəmli azərbaycanlı alimi Nəsirəddin Tusinin elmi irsinə, xüsusən “Risaleyi-tibb” traktatına həsr olunub. Məryəm Seyidbəyli N.Tusinin müxtəlif elm sahələrində qoyduğu izlərdən, o cümlədən məşhur Marağa rəsədxanasından da danışıb.

ESHS Avropa ölkələri arasında elm, texnologiya, tibb sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə qurulub. Elm Tarixi İnstitutu 2019-cu ilin dekabrında ESHS-nin Elm və Texnologiya Tarixi bölməsinə assosiasiativ üzv qəbul edilib.