İsveçin Karlskuqa şəhərində yerləşən Nobel qardaşlarının ev-muzeyində “Gourmand Cookbook Awards” adlı ən yaxşı kulinariya kitablarının sərgisi açılıb. Sərgidə dünyanın hər yerindən kulinariya sahəsində tanınan usta və tədqiqatçıların əl işləri təqdim edilib.

Sərgidə ölkəmizin İsveçdəki səfirliyinin dəstəyilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən göndərilmiş kitablar da nümayiş olunub. “Azərbaycan mətbəxində dolma. 381 növ”, “Azərbaycan kulinariyası”, “Azərbaycan mətbəxi haqqında əfsanələr” və “İrəvan xanlığının bölgə mətbəxi” kitabları təqdim edilib.

Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları ilə söhbət zamanı Erebru dairəsinin (tədbirin keçirildiyi bölgə) rəhbəri Maria Larsson sərgidə iştiraka görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu tədbirdə iştirak etmək Azərbaycanın bənzərsiz kulinariyası ilə tanışlığı baxımından onun üçün böyük əhəmiyyət kəsb edir.

Koronavirus pandemiyası ilə əlaqədar az sayda qonaqlar üçün açılan “Gourmand Cookbook Awards” sərgisi bütün dünyadan qurmanların diqqətini cəlb edib. 1995-ci ildən bəri keçirilən sərgidə bu il kitablardan başqa, qida texnologiyalarının davamlı inkişafı üçün tədqiqatlar və onların nəticələrinə dair ilk beynəlxalq sərgi təşkil ediləcək. Budəfəki sərgidə 78 ölkədən 700 şirkətin texnoloji və elmi yenilikləri təqdim ediləcək.

Qeyd edək ki, əvvəllər “Gourmand Cookbook Awards” sərgisi UNESCO-nun Parisdəki qərargahında keçirilib.