Plagiatçılara qarşı tədbirlər isə hələ davam edir

Xəbər verdiyimiz kimi, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan V.Hovanissian və E.Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib, www.bandcamp.com onlayn satış saytında, o cümlədən “Youtube” kanalında yerləşdirilib.

Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həlli istiqamətində işlər davam etdirilir.

Əqli Mülkiyyət Agentliyi tərəfindən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilib, həmçinin “Youtube”da yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin kanaldan çıxarılması tələbi ilə həmin kanalın administrasiyasına müraciət ünvanlanıb.

Eyni zamanda məsələ ilə bağlı agentlik tərəfindən hazırlanmış arayış Azərbaycanın Belçikadakı səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası, habelə Vardan Hovanissian və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün bu hüquq pozuntusu barədə Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib.

Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib.

“Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və V.Hovanissian tərəfindən bu musiqinin folklor musiqisi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd olunub.

Əqli Mülkiyyət Agentliyinə daxil olmuş yeni məktubda “Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza İsmaili şirkət adından edilmiş səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda, onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşərək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.

Məktubda “Karin” albomunun yenidən hazırlanması zamanı “Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin V.Hovanissian və E.Gültəkinə aid olmadığı, “Kor ərəbin mahnısı” əsərinin orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və şirkətin bununla bağlı səhv etdiyini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də şirkətin “Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.

Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad – ənənəvi musiqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri-müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarilə V.Hovanissian və E.Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmağa və məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib.

Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjiman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.

Müəllif hüquq sistemində aranjiman – əsərin yenidən işlənməsi deməkdir. Aranjimanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.

Bununla yanaşı, “Youtube” kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda “Houcher – Vardan Hovanissian – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilib. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. V.Hovanissian və E.Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.

Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında “Youtube”da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə, kanaldan çıxarılması tələbini irəli sürüblər. Bütün bu məsələlər Əqli Mülkiyyət Agentliyinin nəzarətindədir.