Televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin əhəmiyyəti vurğulanıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib.
Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir. Nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, eləcə də bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündə bildirib.
Hikmət Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.
Fəxrəddin Altun Türkiyə ilə Azərbaycanın “Bir millər, iki dövlət” şüarı altında hərəkət etdiyini, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu anlayışı sözdə deyil, əməldə də dünyaya nümayiş etdirdiklərini deyərək, beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığını diqqətə çatdırıb.
Doğru məlumatın sürətlə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasından tutmuş, yalan xəbər və dezinformasiyaya qarşı mübarizəyə qədər geniş bir sahədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyət göstərəcəklərini söyləyən F.Altun deyib: “Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldik. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələlərini müzakirə etdik”.
Hikmət Hacıyev “Haber Global” telekanalında da çıxış edib. O bildirib ki, Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar ki, bundan başqa dövlətlər də faydalana bilərlər. Regionda sülhün bərqərar olması isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasından asılıdır.
Son zamanlar erməni diaspor təşkilatlarının qardaş Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı qaralama işi apardığını deyən Prezidentin köməkçisi onların bu məqsədlərinə nail ola bilmədiklərini qeyd edib: “Bizim birgə fəaliyyətimiz, həmçinin qardaş Türkiyə ilə media sahəsində əməkdaşlığımız onların bu kimi çirkin təbliğatlarının qarşısını aldı. Beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar verdilər. Dünya media müstəvisində də Azərbaycanın haqq səsi eşidildi. Bu da onu göstərir ki, biz qardaş ölkələr olaraq birlikdə hərəkət edərək doğruları beynəlxalq təşkilatlara daha aktiv şəkildə çatdırmalıyıq”.
Sentyabrın 8-də nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının təmsilçiləri ilə görüşərək müzakirələr aparıb.
Prezidentin köməkçisi özünün “Twitter” səhifəsində görüşlə bağlı yazıb: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İnformasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir. Heyəti Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva müşayiət ediblər.
Üç gün davam edən səfər sentyabrın 8-də başa çatıb.