Rövşən Abdullaoğlunun romanı beynəlxalq müsabiqədə qızıl medal qazanıb

Azərbaycanlı yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı ABŞ-ın “Readers Favorite” beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən müsabiqədə qızıl medal qazanıb.

“Readers Favorite” dünyada ədəbi tənqid sahəsində fəaliyyət göstərən ən nüfuzlu qurumlardan biridir. Bu müsabiqə ədəbiyyat sahəsində ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 dollar), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır. Kitab “Readers Favorite” müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir. Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya – estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu üzrə dəyərləndirmə aparılır.

Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.

Nəticələr ABŞ-ın nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 min kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ilə ertələnib.

Xatırladaq ki, Rövşən Abdullaoğlunun dörd əsəri ingilis, rus, türk dillərinə tərcümə olunub və digərləri də tərcümə olunmaqdadır. Yazıçının “Relslər üzərinə uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur” romanları “Amazon” platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də ABŞ-ın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.

Nurəddin MƏMMƏDLİ