“İlahi komediya“ müəllifinin xatirə ilinə start verilib

İtaliyada İntibah dövrünün dahi şairi və italyan ədəbi dilinin banisi Dante Aligyerinin (1265-1321) vəfatının 700 illiyi münasibətilə xatirə ilinə start verilib.

Prezident  Sercio Mattarellanın da iştirak etdiyi rəsmi açılış mərasimi dahi şairin uyuduğu Ravenna şəhərində keçirilib. Mərasim zamanı Dantenin məzarı yerləşən sərdabənin restavrasiyadan sonra açılışı da olub.

Tədbirdə Dantenin italyan və dünya  ədəbiyyatında yeri, onun ilahiyyatçı, tarixçi, filosof kimi fəaliyyəti qeyd edilib. Şairin bu günə kimi İtaliyada daşıdığı simvolik rolu da yüksək qiymətləndirilib.

Dünya ədəbiyyatının şah əsərlərindən biri olan “İlahi komediya“ poemasının müəllifi Dante Aligyeri Avropada İntibah dövrünün fəlsəfi düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Sentyabr ayından başlayaraq İtaliyanın digər şəhərlərində də Dantenin xatirə ili münasibətilə bir sıra tədbirlər keçiriləcək.

CAVİD