İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İPHRC) Fransanın “Cahrlie Hebdo” jurnalının İslam peyğəmbəri Həzrəti Məhəmmədin karikaturasını təkrar dərc etməsi ilə bağlı bəyanat yayıb.

Jurnalın bu təxribatını pisləyən bəyanatda fransız nəşrinin dinlər arasında kin və nifrəti artırdığı qeyd olunur. Eyni zamanda bu cür hərəkətlərin beynəlxalq hüququn normalarına zidd olduğu da bildirilir.

Həmçinin diqqətə çatdırılır ki, “The New York Times” qəzeti 2015-ci ildə ABŞ-ın Texas ştatındakı Qarland şəhərində törədilmiş analoji əməli haqlı olaraq tənqid etmiş, onun ifadə azadlığı ilə heç bir əlaqəsi olmadığını və nifrət yaratdığını vurğulamışdı.

İPHRC təəssüflə qeyd edib ki, Fransa jurnalının karikaturanı təkrar dərc etməsi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla müsəlmanın hisslərinin təhqir olunması deməkdir. Bu cür əməllərə göz yuman dövlət rəsmiləri tərəfindən də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirilir. “Dünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində və digər sənədlərdə bu cür əməllərin qanunazidd olduğu təsbit edilib. Eyni zamanda dövlətlərin öz qanunları çərçivəsində cəmiyyətdə dini zəmində ayrı-seçkiliyə, düşmənçiliyə və nifrətə səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasının vacibliyi də vurğulanıb”, - deyə bəyanatda qeyd olunur.

Sənəddə, həmçinin xatırladılıb ki, 2015-ci ildə “Charlie Hebdo” əməkdaşlarına qarşı törədilmiş terror aktını bütün İslam dünyası pisləyib, bir müsəlman polis isə həmin insident zamanı həlak olub. Beynəlxalq ictimaiyyət də bəyan edib ki, terror aktının İslam dini ilə heç bir əlaqəsi yoxdur.

İƏT-in komissiyası bəşəriyyətin ağır pandemiya dövründə birliyə, həmrəyliyə, tolerantlığa, dini və mədəni müxtəlifliyə hörmətə ehtiyacı olduğunu xatırladıb.