Beynəlxalq Savadlılıq Günündə UNESCO-dan çağırış

1967-ci ildən UNESCO-nun təşəbbüsü ilə 8 sentyabr – Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur. Bu günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. Əldə edilən nailiyyətlərə baxmayaraq, savadlılıq sahəsində problem aktual olaraq qalır, çünki dünyada azı 773 milyon yaşlı insanın ibtidai savadı yoxdur.

Bu il Beynəlxalq Savadlılıq Günü COVİD-19 böhranı şəraitində və ondan sonrakı dövrdə tədrisə və təlimə həsr edilib. UNESCO-nun saytında yer alan məlumatda bildirilir ki, Beynəlxalq Savadlılıq Gününün builki mövzusu insanın ömür boyunca təhsil alması məsələsini əhatə edərək, ictimaiyyətin diqqətini gənclər və yaşlı insanlara yönəldir.

COVİD-19 böhranı siyasi diskurs və reallıq arasındakı uyğunsuzluğu sərt şəkildə önə çıxarıb. Koronavirus pandemiyasına qədər də mövcud olan bu uyğunsuzluq ya savadı olmayan, ya da yetərincə savadı olmayan və bu səbəbdən müxtəlif çətinliklərlə qarşılaşan gənclərin və yaşlıların təhsil almasına mənfi təsir edib.

Ölkələrin çoxunda pandemiyadan əvvəlki dövrdə təhsil sahəsində ilkin tədbir planlarında yaşlı insanlar arasında savadlılığın yayılması üzrə proqram olmayıb. Digər tərəfdən, COVİD-19 böhranı gənclər və yaşlılar arasında savadlılığın yayılması ilə, habelə tədris və təlimlə məşğul olan insanlara təsirsiz ötüşməyib.

Bu əlamətdar gün müəllimləri dəstəkləməyə və tədrisə kömək göstərə biləcək səmərəli siyasi strategiyalar, sistemlər, idarəçilik metodları və tədbirləri ilə yanaşı, pedaqoqların rolunu təhlil etmək baxımından da önəmlidir.

Qeyd edək ki, sentyabrın 8-də UNESCO tərəfindən Parisdə videokonfrans vasitəsilə COVİD-19 pandemiyasından sonrakı dövrdə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndinə nail olmaqda gənclər və yaşlılar arasında tədris və təlimin yenidən qiymətləndirilməsi məqsədilə ümumi qlobal diskussiya təşkil edilib.