Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılacaq.

Məlumatda bildirilir ki, ixtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II, III və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının sentyabrın 8-də çapdan çıxan 4 saylı buraxılışında elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri barədə məlumatlar yer alıb. Jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Sentyabrın 8-də DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin başlanması ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.

Mətbuat konfransında abituriyent məsləhət mərkəzləri, abituriyentlərin ixtisas seçimi zamanı diqqət yetirməli olduğu məsələlər, ixtisas qrupları üzrə plan yerləri, abituriyentlərin bu il və ötənilki imtahan nəticələrinin müqayisəli təhlili və s. haqqında məlumat verilib.

M.Abbaszadə bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıb: “Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin. Biz sosial medianı araşdıranda görürük ki, kimlərsə başqalarının əvəzinə ixtisas seçimi edir, bunu məsləhət görmürəm. İxtisas seçimi ilə əlaqədar Bakıda 6 universitetdə (Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya universitetləri – red.) və 9 regional bölməmizdə məsləhət mərkəzləri olacaq, bütün xidmətlər pulsuzdur. Elektron növbə götürməklə abituriyentlər məsləhət mərkəzinə müraciət edə bilərlər. Amma düşünürəm ki, buna o qədər də ehtiyac yoxdur. “Abituriyent” jurnalına diqqətlə baxmaqla onlar düzgün seçim edə biləcəklər. İndi onların əllərində şəxsi nəticələri var, diqqətli olsunlar ki, ixtisas seçimi zamanı səhvə yol verməsinlər. Çünki bu zaman ərizə təsdiqlənməyəcək”.

DİM rəhbəri ixtisas qrupları üzrə bir sıra statistik göstəriciləri də diqqətə çatdırıb. Bildirib ki, 2020-ci ildə I qrupda imtahan verən 28842 nəfərdən 58,9%-i müsabiqəyə (ixtisas seçiminə) buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27927 nəfər iştirak etmiş, onlardan  57 faizi müsabiqəyə buraxılmışdı.

Onun sözlərinə görə, II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb: “Müsabiqəyə subbakalavrlar da qatılır, bu il 17 min subbakalavr sənəd verib. I qrupa 5179 nəfər, II qrupa 5240, III qrupa 2853, IV qrupa 1609 nəfər əlavə olunacaq”.

M.Abbaszadə qeyd edib ki, ötən illə bu ili müqayisə edəndə I qrupda qəbul planları 299 yer azalıb, bu, 1,96 faiz edir: II ixtisas qrupunda qəbul planları 381 yer (2,69 faiz) azalıb, III qrupda isə qəbul planı 1015 yer (9 faiz) artırılıb. IV ixtisas qrupunda da qəbul planı  390 yer, keçən il ilə müqayisədə 10 faiz artıb. Qabiliyyət tələb edən V ixtisas qrupunda 133 yer artım var. Buil ümumiplanyerləri 1,79 faiz (858 yer) artıb. Dövlətsifarişliplanyerlərininsayındaisə 8 faizə yaxınartımvar.