İran səfiri: “Bizimlə qonşu olan 15 ölkə arasında Azərbaycanla xüsusi münasibətlərə malikik”

Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk. Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmişdir və açıqlamalar vermişdir. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir.

Prezident İlham Əliyev bu sözləri sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, son bir neçə il ərzində İran Prezidenti Həsən Ruhani ilə 10-dan çox görüşü olub:  “Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı, bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir”.

Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Bizə – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib: “Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və İran üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir. Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır: “İkitərəfli münasibətlərimizə gəldikdə, bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır. Prezident cənab Ruhani ilə iyulun sonunda mənim telefon danışığım olubdur. Bir çox önəmli məsələlər müzakirə olundu və razılığa gəldik ki, bizim müvafiq hökumət üzvləri bir-biri ilə bu pandemiya dövründə videokonfranslar formatında görüşlər keçirsinlər və artıq bir çox görüşlər keçirildi. Bunun çox böyük önəmi var. Çünki biz istəmirik ki, vaxt itirək. Çünki pandemiya təbii ki, işimizə müdaxilə etmişdir”.

Prezident əmin olduğunu bildirib ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir.

Səfir Seyid Abbas Musəvi qeyd edib ki, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrlə, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlər önəmli rola malikdir: “Bizimlə qonşu olan 15 ölkə var. Bu ölkələr arasında biz Azərbaycanla xüsusi münasibətlərə malikik. Mənim missiyam bu iki dost, qardaş və müsəlman ölkələr arasında münasibətləri daha da möhkəmləndirməkdir”.

Diplomat vurğulayıb ki, bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz: “İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır”.