Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi ölkəmizdə peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5,6 milyon avro dəyərində yeni layihəyə başlayıb.

 Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dördillik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

Agentlikdən bildirilib ki, layihənin məqsədi seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsidir. Peşə təhsili mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalanacaq.

Bununla yanaşı, layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işi nəzərdə tutur.