Sentyabr ayında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 135 illiyi tamam olur. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Amalı, məqsədi öz xalqını qabaqcıl millətlər sırasında görmək olan Üzeyir bəy bütün həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələnməsinə, onların mədəni səviyyəcə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqisinə həsr edib.

Bir bəstəkar kimi ölməz əsərlər yaradan, xalqımıza “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” kimi sənət inciləri yadigar qoyub gedən Üzeyir Hacıbəyli həm də çox gözəl yazıçı, publisist kimi fəaliyyət göstərib. Onun yazıb çap etdirdiyi məqalələrdə, felyetonlarda, resenziyalarda, satirik hekayələrdə xalqını, millətini dərin məhəbbətlə sevən bir insanın düşüncələri öz əksini tapıb.

Dahi bəstəkarın 135 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli–135” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti haqqında məlumat, dahi bəstəkarın irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında ümummilli lider Heydər Əliyevin fərmanı, bəstəkarın həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı verilib.