O, bütün həyatını sevdiyi işə həsr etdi. Yaşadı, yaratdı və özü bu fani dünyadan köçsə də, xalqa, vətənə qiymətli bir xəzinə qoyub getdi. Xalq artisti, Qədim musiqi alətləri ansamblının yaradıcısı və bədii rəhbəri, sənətşünaslıq doktoru, professor Məcnun Kərimov. Ömrünü musiqiyə, qədim musiqi alətlərinin bərpasına həsr etmiş bu insan gördüyü işin də məcnunu idi...
Qədim musiqi alətlərimiz necə yaranıb, hansı təkmilləşmə prosesindən keçib? Bu kimi suallar hər zaman alim və mütəxəssislərin marağında olub. Unudulmaz sənətkar Məcnun Kərimovun (1945-2013) qədim musiqi alətləri üzrə apardığı araşdırmalar, onların bərpası istiqamətində gördüyü işlər sistemliliyi və fundamentallığı ilə böyük əhəmiyyətə malik idi. Onun bu sahəyə sonsuz marağının – neçə-neçə qədim musiqi alətini həyata qaytarmasının ən mühüm nəticələrindən biri 1991-ci ildə Qədim musiqi alətləri ansamblının yaradılması oldu.
Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində doğulmuşdu. 10 il əvvəl qəzetimizə müsahibəsində mərhum sənətkar özünü oxuculara “sadəcə musiqiçi” kimi təqdim etmişdi: “1959-1963-cü illərdə Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil almışam. 1963-1972-ci illərdə Zəngilan rayon 7 illik Uşaq musiqi məktəbinə rəhbərlik etmişəm. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsinin Tar fakültəsini bitirmişəm. İlk müəllimlərim bəstəkar Səid Rüstəmov və Adil Gəray idi. Hər ikisi Üzeyir Hacıbəylinin tələbəsi olub. Mən də həmin məktəbin üçüncü nəslinin nümayəndəsiyəm...”.
Sözün həqiqi mənasında, ensiklopedik biliyə malik bir insan aça bilərdi əsrlərin o tayında qalan çalğı alətlərimizin sirrini. O “lal alətlər”in dilini məhz Məcnunun Kərimov açdı. Musiqiçi o zamana qədər yalnız yazılı mənbələrdə adını eşitdiyimiz Orta əsrlərə aid 11 ifaçılıq alətini bərpa etdi: çəng, tənbur, rud, bərbəd, çəqanə, çoğur, rübab, santur, qopuz, nüshə və muğni. Gördüyü işlər haqqında təvazökarlıqla danışan tədqiqatçı söhbətlərində “kiçik maraq böyük xəzinənin üstünü açdı” deyirdi.
Zəhmətkeş sənətkar bərpa olunan ifaçılıq alətlərinin sayını 6-ya çatdırdığı zaman ansambl yaratmaq ideyası haqqında düşünməyə başlayır. İşlədiyi 3 saylı Musiqi məktəbinin müəllimlərindən ibarət bir ansambl yaradır. Bir neçə dəfə konsertlər verən ansambl musiqisevərlər tərəfindən maraqla qarşılanır. Bir neçə il sonra isə Bakı Musiqi Akademiyasının rəhbərliyindən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyanın açılması ilə bağlı təklif alan sənətkarın arzusu çin olur.
Müəyyən səbəblərdən 90-cı illərin əvvəlində fəaliyyətini dayandıran ansambl 6 il sonra yeni bir heyətlə çıxışlara başlayır. Kollektivin akademik Yusuf Məmmədəliyevin yubileyində çıxışları mədəniyyətimizin hamisi Prezident Heydər Əliyevin də diqqətini çəkir. Ulu öndər ansambla dövlət statusunun verilməsi ilə bağlı fərman imzalayır. Ansambl Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətə başlayır. Bununla da qədim musiqi xəzinəmizin üzərinə işıq salan Məcnun Kərimovun çoxillik gərgin zəhməti öz bəhrəsini vermiş olur.
Fədakar musiqi xadimini anadan olmasının 75 illiyi münasibətilə vaxtilə onunla çalışan sənət adamları ilə yad etdik.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova:
– Məcnun müəllimin muzeyimizlə tanışlığı 1980-ci illərə təsadüf edir. Bu illərdə muzey onun bərpa etdiyi qədim musiqi alətlərini əldə etməyə başlamışdı. Həmin zamanlar Məcnun müəllim muzeydə saxlanılan alətlərin təmiri və bərpasını həyata keçirirdi. Hazırda onun təqdim etdiyi 24 alət muzeyimizdə saxlanılır. Məcnun Kərimovun müəllifi olduğu “Azərbaycan musiqi alətləri” kitabında Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə bağlı fikirlərini belə ifadə etmişdi: “Bərpa etdiyim alətlərin ilk nümunələri bu muzeydə saxlanılır. Qədim musiqi alətlərinin təkcə muzey eksponatı kimi deyil, həm də ansambl kimi səsləndirilməsi muzeyin direktoru Alla xanımla mənim çoxdankı arzumuz idi...”.
Diqqətəlayiq haldır ki, bərpa olunan musiqi alətləri bir qrupa yox, simli-dartımlı, həm mizrabla, həm də mizrabsız ifa olunan, simli-zərb və simli-kamanlı qruplara aiddir. Bu həm də onun yaradıcı potensialını nümayiş etdirir. Məcnun müəllimin Orta əsr musiqi alətlərini yenidən bərpa etməsi mədəniyyətimizin milli ruhuna, musiqi ənənələrinin dərin köklərinin mahiyyətinə varması ilə fərqlənmişdir. O, dəfələrlə beynəlxalq simpoziumlarda bu mövzuda məruzələrlə çıxış etmişdir. Yaratdığı Qədim musiqi alətləri ansamblı isə dünyanın bir çox ölkələrində uğurlu konsert proqramı ilə çıxış etmişdir. Kollektiv arasında xoş münasibəti, qayğıkeşliyi, işgüzarlığı, məsuliyyət və tələbkarlığı onu şəxsiyyət və gözəl insan kimi xarakterizə edən cəhətlər idi. Gözəl dost və həmkar idi. Xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Qədim musiqi alətləri ansamblının solisti, Xalq artisti Teyyub Aslanov:
– Məcnun müəllim haqqında ən gözəl və müsbət fikirləri deməklə bitməz. Məcnun müəllim sözünün üstündə duran, şəxsiyyət kimi bütöv insan idi. Ədalətli, haqqı tələb edər və heç kimin haqqına girməzdi. Onunla tanışlığımız 2001-ci ilə təsadüf edir. Hazırda Qədim musiqi alətləri ansamblının rəhbəri, Xalq artisti Munis Şərifov o vaxt mənə zəng etdi. Həmin dövrdə Munis müəllim ansamblın konsertmeysteri idi. Mənə bildirdi ki, ansamblın Fransada festivalda iştirakı nəzərdə tutulur. Bundan əlavə, UNESCO-nun iqamətgahında da konsertləri olacaq və məni ansamblla səfərə dəvət etdi. Məşqlərə gəldim və tanışlığımız başladı. Səfərimiz gözəl keçdi və Məcnun müəllimlə aramızda böyük hörmət yarandı. Daha sonra Məcnun Kərimov məni solist kimi ansambla dəvət etdi.
Məcnun müəllim gözəl ailə başçısı idi. Bəlkə də elə bu səbəbdən ansamblda da gözəl bir ailə münasibəti yaratmışdı. Bu günə kimi də bu münasibəti qoruyub saxlamışıq. Məcnun Kərimov ömrünün 30 ilindən çoxunu bu işə həsr etdi. Nə qədər ki alət bərpa etmişdi bir o qədəri də hələ bərpa edilməkdə idi. Son bərpa etdiyi alət nüshə oldu.
Ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova:
– Məcnun müəllimlə 1995-ci ildən tanış idik. Həmin il ansambla məşqlərə gəldim və solist olaraq qaldım. Təbii ki, ilk illərdə çox çətinliklər çəkmişik. Bizim dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanın bölgələrində çoxsaylı konsertlərimiz olub. Bu ansambl milliliyi, qədimliyi, tarixi nümayiş etdirir. Bir xalqın keçmişi, mənsub olduğu mədəniyyətin kökləri ilə sıx bağlıdır. Bu kollektiv tariximizin qədimliyinə bir işarədir və bu gün onun daha geniş təbliğatına ehtiyac var. Bilirsiniz ki, bizim geyimimiz də, quruluş da fərqlidir. Alətlərimiz əsrlərdən gəlir. Məcnun müəllim ömrünü bu alətlərin bərpasına həsr etdi. O, ansamblı çox sevirdi. Bizə öz doğma balaları kimi yanaşırdı. Alətlərdə hər dəfə yeni bir əsəri ifa edib ortaya çıxardığımız zaman hədsiz sevinirdi.
Məcnun müəllimin əziyyətlə qurub-yaratdığı ansambl bu gün də fəaliyyətini davam etdirir. Musiqi nömrələrinin seçilməsi, zövqlə işlənməsi böyük əmək sərf edir. Ansamblımızın üzvləri illərdir heç bir təmənna gözləmədən çalışırlar. Bunun üçün insanın qəlbində xalqa və dəyərlərə sevgi olmalıdır. Bu ansambl sırf milli mədəniyyətimizə xidmət edir və daim irəlidə olmalıdır. Məcnun müəllimə Allahdan rəhmət diləyirəm.
Yaşasaydı, bu il 75 yaşını qeyd edəcəkdi Məcnun Kərimov. Qədim musiqi alətləri ansamblının hər çıxışı onu yaradanın mənəvi ömrünün davam etdiyini göstərir. Onun nurlu çöhrəsi, sadə, səmimi, insani keyfiyyətləri heç zaman qəlblərdən silinməyəcək.
Lalə AZƏRİ