Elm Tarixi üzrə Avropa Cəmiyyətinin (ESHS) təşkilatçılığı ilə “Elmin vizual, maddi və duyğu mədəniyyətləri” mövzusunda IX Beynəlxalq konfrans keçirilib. Onlayn formatda gerçəkləşən tədbirə müxtəlif ölkələrin elm və ali təhsil qurumlarından 600-dən çox alim qoşulub.

“Pandemiya elmi əməkdaşlığa maneə deyil” devizi ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli də məruzə edib. Onun məruzəsi Orta əsrlərin görkəmli azərbaycanlı alimi Nəsirəddin Tusinin elmi irsinə, xüsusən “Risaleyi-tibb” traktatına həsr olunub. Alim N.Tusinin müxtəlif elm sahələrində qoyduğu izlərdən, o cümlədən məşhur Marağa rəsədxanasından danışıb.

ESHS Avropa ölkələri arasında elm, texnologiya, tibb sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə qurulub. Elm Tarixi İnstitutu 2019-cu ildə ESHS-yə assosiativ üzv qəbul edilib.