Sentyabrın 9-da “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksində olublar.

Səfər ictimai birliyin “Pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi” layihəsi çərçivəsində həyata keçirilib.

“AyAK” üzvləri kompleksə 150-dən artıq kitab, o cümlədən “Qələmlə, silahla” toplusunu, yazıçı Elçin Hüseynbəylinin yeni çapdan çıxmış “Vida” romanını təqdim ediblər.

Yaşayış kompleksinin məsul nümayəndəsi Əhməd Abdullayev ictimai birliyə təşəkkür edib və bildirib ki, xüsusi karantin rejimi dövründə kitablar ən yaxşı hədiyyədir.

“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin sədri, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və adı çəkilən qurum artıq beşinci ildir ki, bu cür  layihələrə maliyyə yardımı göstərir.