Niderlandda nəşr olunan “Teleqraf” qəzeti Haaqa şəhər hökumətinin və “Proost” şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Səfirliklər festivalı” haqqında “Rəqəmsal diplomatiya” sərlövhəli məqalə dərc edib. Azərbaycanın Niderlanddakı səfirliyindən bildirilib ki, festivalda milli məhsulları ilə iştirak etmiş 40 ölkədən 4-nün adı məqalədə qeyd olunub və onların sırasında Azərbaycan şərabları xüsusi vurğulanıb.

Ənənəvi olaraq Haaqada keçirilən “Səfirliklər festivalı” COVİD-19 pandemiyası ilə əlaqədar bu il virtual təşkil olunub. Festivalda Azərbaycanın Niderlandda artıq tanınan “Savalan” şərabı və “Balxurma” şirkətinin qurudulmuş meyvələri nümayiş olunub. Eyni zamanda təşkilatçılar tərəfindən internet məkanında ölkələr haqqında virtual müsabiqə keçirilib, ölkələrin milli rəmzləri, mətbəxi, mədəniyyəti haqqında suallar verilib və qaliblərə “Səfirliklər qutusu” hədiyyə edilib. Müsabiqədə Azərbaycanın dövlət rəmzləri və milli mətbəxi ilə bağlı da iştirakçılara suallar verilib.

Festivalın təşkilatçıları həmçinin ölkələrin milli mətbəxi haqqında bukletlər hazırlayıb. Həmin bukletlərdə Azərbaycanın “Şah plov”u haqqında məlumat da yer alıb. Festival ərəfəsində səfir Fikrət Axundov www.embassyfestival.com saytına müsahibə verib və Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, musiqisi, tarixi abidələri haqqında söhbət açıb.