Gürcüstanda pandemiya ilə bağlı tətbiq edilən bəzi məhdudiyyətlərin müddəti noyabrın 1-dək uzadılıb. Hökumətin bununla bağlı məlumatında bildirilir ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurur. Gürcüstanda son günlər koronavirusa yoluxma hallarının artması səbəbindən teatr, kinoteatr və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ölkədə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılması nəzərdə tutulurdu.

Həmçinin 200 nəfərdən çox insanın iştirakı ilə açıq havada kütləvi mədəni və idman tədbirlərinin keçirilməsi sentyabrın 10-dan yenidən qadağan edilib. Toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi də həmin tarixdən qadağan olunub. Yeni qaydalara görə, toy, ad günləri və digər sosial tədbirlər maksimum 10 nəfərin iştirakı ilə keçirilə bilər.

Amma bu məhdudiyyət seçki kampaniyasına tətbiq olunmayacaq. 31 oktyabrda Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək.

***

Son günlər Türkiyədə də COVİD-19-a yoluxma və ölüm hallarında ciddi artımın müşahidə olunması hökuməti sərt qadağalar rejiminə qayıtmağa məcbur edir. Ölkənin Daxili İşlər Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib. Bu tədbirlər çərçivəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub.

Qeyd edək ki, avqustun 31-də Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başlayıb. COVİD-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən məktəbəqədər və 1-ci siniflər üçün başlanması nəzərdə tutulur.

***

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir.

Hökumət tərəfindən qəbul edilən yeni qərara görə, bu həftədən etibarən 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub. Bu qadağa həm qapalı, həm də açıq məkanlara aiddir.

Qaydanı pozanlar 100 funt-sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə iki dəfə artırılacaq. Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoran kimi yerləri əhatə edir.