Pandemiya dövrünün duyğu və düşüncələri

Dünyanın ən ali canlısı insandır. O, zəkası, ağlı, yaddaşı, fəhmi, təfəkkürü ilə adını qoca tarixin səhifələrinə yazdırıb. Hər bir insan uşaq yaşlarından başlayaraq ömrünün sonuna qədər könül dəftərini zənginləşdirir. Bu dünyanın zənginliyi insan yaşa dolduqca genişlənir.

Hər kəsin bir iç dünyası var. O dünyanı rövnəqləndirən etnoqrafiya və folklorla bağlı düşüncələr, hisslər, söylənilən məlumatlardır. Hisslər, duyğular hikmətli sözlərə çevrildiyi kimi, adət-ənənə və folklor nümunələrinin də müsbət təsiri insanı düzgün yola yönləndirir, onu yolundan sapmağa qoymur. Hər bir insandakı milli düşüncələr, adət-ənənə və folklor yaddaşı onu sanki gələn dərd-bəladan, bədbinlikdən qoruyur, ruhunu sağlam, qəlbini təmiz saxlayır. Biz bunu aylardır davam edən koronavirus pandemiyasında da görürük. Bu məqamda adamın yadına aşağıdakı atalar sözləri düşür: “El bir olsa, zərbi kərən sındırar”, “Ellə gələn toy-bayramdır”. Bu kimi deyimlər adama yaşamaq gücü verir, özünəinamı artırır, ona el-obanın bir fərdi olduğunu xatırladır.

Xalqımızın yaratdığı bayatılar, zərb-məsəllər, deyimlər də belədir. Dərd-sərimizi azaldır, bizi bədbinliyə qapılmağa qoymur. Bunların hər biri bizim mənəvi güvənc yerimizdir. Elə buradaca bir deyimimizi də xatırlayaq: “Gözdən yaş çıxarmı ürək yanmasa?”. Bu, nakam şairimiz Mikayıl Müşfiqin “Duyğu yarpaqları” rübailər silsiləsindən bir misradır. Burada dərd-sərin içdə, iç dünyada qalmaması görünməsə də, gözdən axan yaşın ürək yanğısı ilə əlaqəsi, doğmalığı aydınca verilmişdir. Yəni gözdən yaşın gəlməsi özü bir təskinlikdir, təsəllidir. Buna görə də dədə-babalarımız dərd-sərini, sevinclərini bayatılara çevirib gələcək nəsillərə ünvanlamışlar.

Folklor bizim qəlbimizdə, sözümüzdə, ifadələrimizdə, düşüncələrimizdə, hiss-həyəcanlarımızdadır. O, bizim yaxın həmdəmimiz, həmişə yol yoldaşımızdır. İnsanı folklorsuz təsəvvür etmək mümkün deyil. İnsan sanki ona bürünüb, onun mayasındadır folklor. Elə məqamlar var ki, folklor bir hadisə kimi özü gəlib insan həyatına daxil olur. Məsələn, insanın doğulması, ayaq açması, diş çıxarması... Bunlarla bağlı laylalar, nazlamalar, müxtəlif deyimlərin dilə gəlməsi paralel olaraq davam edir. Biz bəzən bir bayatını dinləyib ya bikef olur, ya da sevinirik. Çünki bayatı xalqın sözü, onun arzu-istəklərinin ifadəçisidir. Təbii ki, avazla deyiləndə daha təsirli və yaddaqalan olur...

Pandemiya günlərində imkansız, çətin şəraitdə olan ailələrə ərzaqla, müxtəlif ev avadanlıqları ilə əl tutmaq xalqımızın iç dünyasından gələn bir özəllikdir. Bunun kökü qədim çağlardan gəlir, əski adət-ənənələrlə bağlıdır. Adətən kənd yerlərində qış üçün ərzaq ehtiyatı yaradanda imkansız ailələr üçün də müəyyən qədər nəzərdə tutular, müxtəlif yollarla həmin ailələrə çatdırılardı. Ulularımız buna “sağ əlin verdiyini sol əl bilməsin” prinsipini gözləməklə əməl edərdilər. Bu cür yardımlaşma mövsümi çətin işlərdə də olurdu və bu el-obanın birliyi, bərabərliyi kimi təzahür edirdi. Bütün bu iməciliklər, bir-birinə yardım etmə dədə-babalarımızın hikmətli sözlərində də özünü göstərir: “Tək əldən səs çıxmaz”, “Güc birlikdədir” və s.

Koronavirusa qarşı mübarizə məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar insanlar fikirli, qayğılı görünürlər. Belə məqamlarda bir isti sözə, xoş nəvazişə, yerində deyilən bir şirin deyimə ehtiyac var. Bu mənəvi ehtiyacı bir bayatı, hikmətli söz də təmin edə bilər. Çünki bu gözəgörünməz bəla əksər insanın mənəvi dünyasını bədbinliyə düçar edib. Onların mənəvi yardıma (mehriban rəftara, xoş münasibətə) ehtiyacları var. Xalq şairi Səməd Vurğun deyir ki, “Bəzən yıxılanı, sadə bir hörmət Qolundan yapışıb qaldırır göyə”. Bu mənəvi yardım insanların müqavimətini gücləndirməyə, onları irəliyə – gələcəyə aparmağa xidmət edir.

Bizi bir eləyən, sağlam saxlayan hər birimizin iç dünyasıdır. Bu dünyanın zənginliyi – adət-ənənələrimiz və folklor düşüncələrimiz bu sevgini yaşatmağımızdır. Təbii ki, öyrəşmədiyimiz, haqqında əvvəllər təsəvvürümüz olmayan koronavirus olayı dünyanı bürüsə də, ağıl və düşüncələrimiz bizi çaşmağa qoymur.

Biz tələb olunan qaydalara uymaqla bərabər, iç dünyamızı da unutmadıq. Bu zaman əski adət-ənənələrimiz, xalq yaddaşımız da köməyimizə gəldi. Günləri duyğu və düşüncələrsiz keçirmədik. Bəli, insanın ağlı hər şeydən güclüdür. Pandemiya da insanın zəkası qarşısında geri çəkiləcək. Onun uzunmüddətli kök sala bilməməsi bizim səbrimiz, diqqətimiz, daxili inamımız və iradəmizə bağlıdır...

Afaq MUSTAFAYEVA
AMEA Folklor İnstitutunun əməkdaşı