Taras Şevçenko adına Kiyev Milli Universiteti Filologiya İnstitutunun Türkologiya kafedrasında “Azərbaycan multikulturalizmi” adlı fakültativ fənn təsis edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) himayəsi ilə həyata keçiriləcək layihə çərçivəsində tələbələr multikulturalizmin Azərbaycan modelinin əsasları, xüsusiyyətləri və üstünlükləri ilə tanış olacaq, mədəniyyətlərarası, dinlərarası, etnoslararası dialoqun reallaşdırılması sahəsində Azərbaycanın təcrübəsini öyrənəcəklər.

Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent İrina Pokrovskaya bildirib ki, multikulturalizm modelləri ilə tanışlıq cəmiyyətdə dinc və tolerant qarşılıqlı münasibətlərin qorunub saxlanılmasına laqeyd olmayan hər kəs üçün aktualdır: “Azərbaycan dili ilə bərabər bu xalqın bənzərsiz mədəniyyətini, çoxəsrlik ənənələrini, başqa mədəniyyətlərin nümayəndələrinə tolerant münasibətin aşılanması, multikulturalizmin əsas prinsiplərinin öyrənilməsi kafedrada xarici dil kimi Azərbaycan dilini öyrənən tələbələr üçün təhsil prosesinin mühüm tərkib hissəsidir. Məhz bu səbəbdən belə bir tematik fakültətiv kursun tətbiq olunmasını aktual hesab edirik. Bu, Azərbaycan multikulturalizmi haqqında nəzəri bilikləri dərinləşdirməyə və bütövlükdə Azərbaycana maraq səviyyəsinin artmasına kömək edəcək”.

Kafedrada Azərbaycan dili müəllimi, Azərbaycan qrupunun kuratoru İrina Dəmirəzən qeyd edib ki, bu fakültativ kursun tətbiqi tələbələr üçün çox əhəmiyyətlidir. “Tolerantlıq və qarşılıqlı hörmət Azərbaycan mədəniyyətinin hərəkətverici anlayışlarıdır, buna görə də Azərbaycan multikulturalizminin tarixinin, bu anlayışın əsas prinsiplərinin öyrənilməsi, ölkəmizdə dövlət siyasəti olan multikulturalizm siyasətinin izah edilməsi gələcəkdə Azərbaycan-Ukrayna münasibətlərini inkişaf etdirəcək tələbələrin dərin peşə biliklərinin formalaşmasına kömək edəcək”, – deyə o vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk qeyd edib ki, ukraynalı tələbələr BBMM tərəfindən həyata keçirilən Ukrayna-Azərbaycan layihələrinin reallaşdırılmasında fəal iştirak edirlər. “Azərbaycan multikulturalizmi” fakültativinin təsis edilməsi çoxdan gözlənilən və vaxtında başlanmış bir layihədir. O, Ukrayna gəncləri arasında Azərbaycanın populyarlaşmasına kömək edəcək.