Azərbaycanda metalişləmənin inkişaf etmiş sahəsi olan misgərlik sənətinin qədim və zəngin tarixi var.
Orta əsrlərdə feodal məişətinin artan tələbi ilə əlaqədar qədim misgərlik ənənələri daha da geniş yayılmışdı. Bu dövrdə mis məmulatı istehsalı sənət və ticarət mərkəzlərində cəmləşmişdi. Təbriz, Ərdəbil, Marağa, Bərdə, Beyləqan, Dərbənd, İsmayıllı, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və Şuşa şəhərləri misgərlik sənətinin əsas mərkəzlərindən sayılırdı.
XIX əsrdə 50-dən çox misgər dükanı olmuş İsmayıllı rayonunun Lahıc qəsəbəsi də belə mərkəzlər arasında xüsusi yer tutub və bu gün də həmin ənənəni davam etdirir. Turistlərin böyük maraq göstərdiyi qəsəbədəki misgər dükanlarında texnoloji əməliyyatlar əsrlər boyu sadə əritmə və isti döymə üsulları ilə görülüb. İstehsal proseslərinin tələbinə uyğun misgər dükanlarında tutucu, kəsici, tapdayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlər işlədilir.
2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla bağlı nominasiya faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq quruma təqdim olunmuşdu.
Lahıc misgərlik sənətinin UNESCO-nun siyahısına daxil edilməsi Azərbaycan xalqının mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə idi.
Lahıc qəsəbəsinin tanınmış misgərlərindən biri Nəzər Əliyevdir. Onun emalatxanasından çəkilən fotolar ( müəllif Roman İsmayılov, AZƏRTAC) qədim xalq sənətinin zəhmətkeş usta əlləri ilə necə yaşadıldığını göstərir.