Fiziki məhdudiyyətli insanlar üçün Qobustan eksponatlarını görüb hiss etmək imkanı

Muzeylər dinamik, daim dəyişən, yeni çağırış və reallıqlara uyğunlaşan mədəni irs, təbliğ və təqdimat mərkəzinə çevrilməli, istisnasız olaraq hər kəs, o cümlədən fiziki imkanları məhdud insanlar üçün əlçatan olmalıdır.

Sentyabrın 11-də Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu arasında imzalanacaq müqavilə də bu məqsədi daşıyır.

Müqaviləyə əsasən, Qobustan Milli Tarix-Bədii Qoruğunun inklüziv muzey kimi fəaliyyətinə metodiki dəstək göstəriləcək. Metodiki dəstək materialları ölkəmizin ilk inklüziv muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi tərəfindən görmə və eşitmə məhdudiyyətli insanlar üçün hazırlanmış proqramlar əsasında tərtib edilib.

Görmə imkanları məhdud insanların qaya rəsmləri (petroqliflər) haqqında ətraflı informasiya əldə edə bilməsi üçün bu barədə məlumatlar Brayl şriftli etiketajların yerləşdirildiyi taktil maketlərlə müşayiət olunacaq. Bununla da fiziki imkanları məhdud insanlar Qobustan Milli Tarix-Bədii Qoruğunun eksponatlarını “görmək” və qaya rəsmlərinin (petroqliflərin) formalarını hiss etmək imkanı əldə edəcəklər.