İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Təşkilatın ofisindən bildiriblər ki, baş direktor Səlim bin Məhəmməd Əl-Malik Azərbaycanın Mərakeşdəki səfiri Oqtay Qurbanov ilə görüşüb.

Səlim bin Məhəmməd Əl-Malik təşkilata göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, “Əhatəli humanitar koalisiya” təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olan Azərbaycan yoxsul ölkələrə humanitar yardım göstərib.

Baş direktor qeyd edib ki, pandemiya dövründə 24 ölkəyə yardım göstərən İCESCO donor ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq edir.

Görüşdə, həmçinin təhsilin inkişafı, süni intellekt layihələri, mədəniyyətlərarası dialoq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.