Azərbaycan ilə İtaliya arasında yüksəksəviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. İki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələr bunun bariz nümunəsidir.

Bu fikir sentyabrın 9-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşündə qeyd olunub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi bildirilib. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında İtaliyaya dövlət səfərinin böyük əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bununla bağlı təntənəli mərasim fevral ayında Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı keçirilmişdi. Mart ayından sonra başlanan pandemiya səbəbindən bu çərçivədə nəzərdə tutulan tədbirlər ertələnib.

Görüşdə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına uyğun olduğu məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqe ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.