2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları davam edir. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 27 avqust tarixindən başlanan qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək.

Cari ildə 11489 abituriyent və 2597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd edib.

Bundan əlavə, 46280 abituriyent I-IV qruplarla yanaşı V qupu da elektron ərizələrində qeyd edib. Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilir. Hər imtahandan sonra hər bir komissiyanın əsasında Apelyasiya komissiyası fəaliyyət göstərir.

XQTİ-lərə qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət üzrə keçirilir:  təsviri sənət; musiqi sənəti; memarlıq; teatr, kino və xoreoqrafiya sənəti.

Memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanları 16-18 sentyabr tarixində keçiriləcək. Memarlıq ixtisası üzrə müsabiqəyə I ixtisas qrupu üzrə ən azı 200 bal toplayan və xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.

***

Dövlət İmtahan Mərkəzi sentyabrın 11-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar.

Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.